SSRİ-nin məşhur opera müğənnisi, mərhum Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı, Azərbaycan və SSRİ Xalq artisti Tamara Sinyavskaya “Teatral ulduzu” mükafatının “Səhnə əfsanəsi” nominasiyası üzrə qalib olub.
“Yeni Gundem”in “TASS”a istinadən məlumatına görə, T. Sinyavskayanın səhnəyə çıxışı zamanı zal əfsanəni ayaq üstə alqışlayıb. “Teatral ulduzu” mükafatını SSRİ Xalq artistinə pianoçu Daniil Kramer və “Teatral” jurnalının baş redaktoru Valeri Yakov təqdim ediblər.
“Nə deyə bilərəm? Mənim üçün gözlənilməz oldu. Çox sağ olun!”, – deyə T. Sinyavskaya təşəkkürünü bildirib.
“TASS” qeyd edir ki, “Səhnə əfsanəsi” nominasiyasının laureatlarının adları əvvəlcədən elan olunmuşdu. Tamara Sinyavskaya ilə yanaşı, “Teatral ulduzu” nominasiyasına SSRİ Xalq artisti Vasili Lanovoy və Rusiya Federasiyasının Xalq artisti Mark Rozovski layiq görülüblər.
Digərlərindən fərqli olaraq, bu nominasiyanın qaliblərini tamaşaçı səsverməsi yox, mükafatın direksiyası ictimai şura ilə bərabər müəyyənləşdirir. Həmin heyətə SSRİ Xalq artisti Alla Puqaçova, təyyarəçi-kosmonavt Oleq Skripoçka, Rusiyanın Əməkdar idman ustaları İlya Averbux və Alina Kabayeva, Əməkdar incəsənət xadimi Larisa Rubalskaya, yazıçı Tatyana Ustinova və digərləri daxildir.