Nazir: “Niyə insanlar düşünür ki, uğur qazanmaq üçün təhsil yox, pul, yaxşı qohum lazımdır?”backend

“2013-cü ildə Nazirlikdə islahatlara başlayanda sorğu keçirmişdik. Sual da bu idi ki, həyatda uğurlu olmaq üçün aşağıdakılardan hansı ən vacibdir? Top üçlükdə təhsil yox idi. Onlar fikirləşirdilər ki, həyatda uğur qazanmaq üçün bəxtin, pulun və ya tanışın olmalıdır. Dördüncü yerdə isə təhsil gəlirdi”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyə hazır ol!” Karyera İnkişaf Forumunda deyib.

Onun sözlərinə görə, bu sorğu daha sonra edilməyib və yəqin ki, 2023-cü ildə yenidən edilə bilər:

“Sorğu zamanı baxarıq ki, gənclərimizin düşüncə tərzi hansı istiqamətə dəyişib. Bu sorğu bütün yaş qruplarını, kənd və şəhərləri əhatə edirdi. Niyə insanlar düşünür ki, həyatda uğurlu olmaq üçün təhsilli yox, bəxtli, pullu, qohumlu olmaq lazımdır? Mənə elə gəlir ki, cəmiyyət həmişə səmimidir. Çox uzun müddət yəqin ki, cəmiyyətdə görüblər ki, təhsilli olmaqla varlı olmaq arasında elə bir ciddi fərq yoxdur. Biz uzun müddət keçid dövründə yaşamışıq. Yaxud da həqiqətən də eyni sinfi bitirən görüb ki, o daha yaxşı oxusa da, sonra hansısa bir sinif yoldaşı təsadüfi hadisə ilə, yaxud hansısa qohumu vasitəsilə iş tapıb. Amma oxuyan iş tapa bilməyib. Biz razılaşmalıyıq ki, uzun müddət cəmiyyət olaraq qohumluq, bəxt və təhsillə bağlı olmayan amilləri işə götürmədə, yaxud məşğulluqda görmüşük. Bir şey defisitdirsə, defisitin ətrafında müəyyən mənada xoşagəlməz praktikalar olur. İşin də defisit olduğu keçid dövründə, ağır dövrlərində belə praktikalar olub deyə, cəmiyyət də belə düşünür. Yoxsa cəmiyyət niyə belə düşünsün?”

Nazir qeyd edib ki, cəmiyyətin başqa cür düşünməsi üçün istər sahibkarlar, yaxud istənilən işəgötürən yanaşmanı dəyişməlidir: “Həqiqətən də ən təhsillilərin, ən bacarıqlıların, ən çox uğur qazananların cəmiyyətdəki rolu, rifah səviyyəsi yüksək olduqca inanıram ki, aşağıdan gələn nəsil də o cür düşünməyə başlayacaq. Bu baxımdan rol modellərinin olması çox vacibdir. Ölkə başçısının təşəbbüsü ilə keçirilən “Yüksəliş” müsabiqəsi də buna xidmət edir. Bu müsabiqədə daha bacarıqlı olanlar qalib gəlir, bütün ölkə tanıyır, hamı qəbul edir. Uzunmüddətli vədədə meritakratik mexanizmlərin olması insanların təhsilə olan həvəsini və marağını artıracaq. Təbii ki, həyatda digər faktorlar da həmişə var.

Amma Məleykə xanımın keçirdiyi imtahanların ən yüksək şkalasında olanların 20-30 ildən sonra həqiqətən də gəlib cəmiyyətin qərar verən adamlarından birinə çevriləndə, hamı orda olmaq istəyəcək. Amma bu paylanma ilə digər paylanma arasında qeyri-mütənasiblik görəndə insanlar uğurlu olmağın başqa yollarını axtaracaqlar. Gənclərə uğur qazanmağın sadəcə olaraq başqa nümunələri göstərməliyik. Belə olduqca əminəm ki, bizim sorğularda da təhsil 4-cü yerdən, 3-cü, daha sonra 2-ci və 1-ci yerə gəlib çıxacaq”.

APA