“Nəcməddin Sadikov əllərini qoyub belinə, sanki, kiməsə acıq verir, dərhal həbs edilməlidir”backend

“Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadikovun Dubayda istirahət edərkən çəkilən görüntülərinə baxanda xeyli qəzəbləndim. Bu görüntülər Dubayda böyük istirahət mərkəzlərinin birində çəkilib. Nəcməddin Sadikov hovuzun kənarında, elə bil, qəhraman pozu verir. Əllərini qoyub belinə, sanki, kiməsə acıq verir. Videonu izləyərkən beynimdə onun Azərbaycan xalqına və ordusuna meydan oxuyurmuş kimi bir görüntü canlandı. Ona görə ki, Azərbaycan 3000-ə yaxın şəhid verib, minlərlə qazisi var. İllərdir, torpaqları işğalda qalmış bir millət qanı bahasına ərazilərini azad edib. Adam bir utanar, adamda abır-həya olar”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı xatırladıb ki, hələ şəhidlərin bir çoxunun nəşi tapılmayıb: “Anaların gözünün yaşı, qəhrəman qazilərimizin yaralarının qanı qurumamış Azərbaycan Ordusunun uzun illər Baş Qərargah rəisi olmuş bir adam bu formada əylənməyi özünə, vicdanına necə sığışdıra bilər?! Nəzərə alanda ki, əslində Azərbaycan ordusunun bu günə qədər öz torpaqlarını azad etməməsində hardasa Nəcməddin Sadikovun da günahı var, ona görə də belə bir görüntü məni ikiqat qəzəbləndirdi”.

Partiya sədri bildirib ki, Nəcməddin Sadikov barəsində illərdir, istər ictimaiyyət, istərsə də ordu daxilində bir çox fikirlər səsləndirilir: “Əli yüzlərlə günahsız əsgərin qanına bulaşdığı barədə fikirlər var və belə bir zamanda bu şəxsin heç kimdən çəkinmədən meydan oxuyurmuşcasına görüntülərinin yayılması qəbuledilməzdir. Biz dəfələrlə qeyd etmişik ki, Nəcməddin Sadikov hardadırsa, dərhal həbs olunmalı, istintaqa cəlb olunmalıdır. İllərdir Azərbaycan ordusunda etdiyi qanunsuzluqlara görə cavab verməlidir. Onun ordunun ərazilərində özü üçün tikdirdiyi villalar, saraylar hələ də qalır. Bu insanın azadlıqda gəzməsi bizim ordumuz və xalqımız üçün, belə demək mümkünsə, təhqirə bərabərdir. Hesab edirəm ki, Nəcməddin Sadikov bütün bunları bu günə qədər yalnız özünə güvənərək etməyib, çox güman ki, onu himayə edənlərə arxayındır. Amma unutmamalıyıq ki, Azərbaycan dünənki Azərbaycan deyil, həmçinin Azərbaycan xalqı və ordusu da… Odur ki, təkrar edirəm, Nəcməddin Sadikov tez bir zamanda istintaqa cəlb edilməli, əgər Azərbaycanda deyilsə, həbs olunaraq ölkəyə gətirilməlidir. Azərbaycandadırsa, hansı villasında gizlənibsə, əli-qolu qandallanaraq həbs edilməlidir. Yüzlərlə əsgərin qanına bais olmasının cavabını verməlidir. Onun Baş Qərargah rəisi olduğu illər ərzində orduda baş verən neqativ hallardakı rolu araşdırılmalıdır. Yəni biz siyasi partiya olaraq bunu həm də xalqın sifarişi kimi tələb edirik və güman edirəm ki, iqtidar xalqın və siyasi partiyaların bu mövqeyini eşidər və öz yerini, sözünü bilməyən insan dərhal həbs olunaraq layiqli cəzasını alar. Düşünürəm ki, bu, həm də onun kimilərə də mesaj olar. Gərək unutmayaq ki, Nəcməddin Sadikovun törtöküntülərindən ordumuzu hələ də tam təmizləyə bilməmişik. Bu törtöküntünün Azərbaycan ordusunun başına açdığı oyunlar bizə xeyli baha başa gəlir. Bir daha  hüquq-mühafizə orqanlarına, Hərbi Prokurorluğa səslənirəm ki, Nəcməddin Sadikovun dərhal həbs olunaraq istintaqa cəlb edilsin və layiqli cəzasını alsın”.

Nəzrin