Almaniyada hava limanlarında nəqliyyatı iflic edən tətillər başlayıb.
Təxminən 25 min təhlükəsizlik işçisi Birləşmiş Xidmətlər İttifaqının (ver.di) çağırışı ilə işi dayandırdı. Tətillərdən 200 min sərnişinin təsirlənəcəyi gözlənilir.
İşəgötürənlə əmək haqqının artırılması ilə bağlı razılığa gələ bilməyən “Ver.di 11” böyük hava limanında çalışan təxminən 25 min təhlükəsizlik işçisini tətilə çağırıb. Alman Hava Limanları Birliyi (ADV) tam gün davam edəcək tətil səbəbiylə təxminən 1100 reysin ləğv ediləcəyini və ya təxirə salınacağını, təxminən 200 min sərnişinin isə bu ləğv və təxirə salınmalardan təsirlənəcəyini açıqladı.
Ver.di digər tələblərlə yanaşı, ölkə üzrə təxminən 25 000 işçinin maaşının artırılmasını tələb edir. Türk Hava Yollarının (THY) Almaniya-Türkiyə aviareyslərinin bəziləri tətillərin keçirildiyi hava limanlarında da ləğv edilib.
Frankfurt, Hamburq, Bremen, Berlin, Leypsiq, Düsseldorf, Köln, Hannover, Ştutqart, Erfurt və Drezden hava limanlarında tətillər keçirilir. Uçuşların əhəmiyyətli bir hissəsini ləğv edən Lufthansa, oradakı təyyarələrə girişin mümkün olmayacağını, lakin tətilə qatılmayan Münhen və Nürnberq hava limanlarında uçuşların davam edəcəyini açıqlayıb.
Bu iki hava limanının aviasiya təhlükəsizliyi işçiləri fərqli kollektiv müqavilə bağladıqları üçün tətillərdə iştirak edə bilməyiblər. Berlin, Hamburq və Ştutqart kimi bəzi hava limanları bütün uçuşları ləğv edərkən, Düsseldorf və Köln bəzi əməliyyatları davam etdirməyə qərar verib. Köln/Bonnda iş dayanması çərşənbə günü axşam saat 21:00-da, gecə uçuşlarının qadağan edilmədiyi bir vaxtda başlayıb.
Ver.di nümayəndəsi Özay Tarım tətilləri ilə işəgötürənə aydın bir siqnal vermək istədiklərini söyləyib. İşəgötürənlərin indiyə qədər aparılan danışıqlarda ‘qəbuledilməz’ bir rəftar nümayiş etdirdiyini ifadə edən Tarım, “İşəgötürənlərə işçilərlə birlikdə təzyiq edəcəyik ki, nəhayət danışıqlar masasında irəliləyiş əldə edək” deyib.
Özay Tarım Kölndəki tətillərdə iştirakın yüzdə 100 olduğunu bildirib. Frankfurt və Düsseldorfda da tətillər gecə saat 24:00-da başlayıb. Lufthansa fevralın 8-nə qədər ləğv edilmiş reyslər üçün pulsuz yenidən bronlaşdırma təklif edir. Almaniyada daxili reyslərlə səyahət edən sərnişinlər uçuşun baş tutub-tutmamasından asılı olmayaraq biletlərini pulsuz olaraq qatar biletinə dəyişə biləcəklər.
ADV-nin baş direktoru Ralf Beysel birliyin hərəkətlərini sərt şəkildə tənqid edib. “Hava limanları bu mübahisənin tərəfləri deyil, lakin onlar yenidən maraqların toqquşma meydanına çevrilirlər” Beysel deyib. ADV Ver.di-ni danışıqlar masası arxasında həll yolu axtarmağa çağırır. Sərnişinlərə etibarlı nəqliyyat lazımdır. Almaniyada biz demək olar ki, hər gün hərəkətliliyə və iqtisadiyyata ziyan vuran tətil elanlarının şahidi oluruq. Buna son qoyulmalıdır” deyib.
Ver.di saatda 2,80 avro daha yüksək əmək haqqı, daha yüksək bonuslar və iş vaxtından artıq işin ilk saatından başlayaraq əlavə iş bonusu tələb edir. Yeni kollektiv müqavilə bir il müddətinə qüvvədə olacaq. Hal-hazırda, ən aşağı əmək haqqı kateqoriyasında olan təhlükəsizlik köməkçiləri saatda 20,60 avro qazanırlar ki, bu da ayda 160 iş saatı üçün 3300 avrodan bir qədər az ümumi əmək haqqı deməkdir. Bundan əlavə, gecə növbəsi, bazar və bayram günləri, həmçinin iş vaxtından artıq işlərə görə bonuslar nəzərdə tutulub.
Ver.di izah etdi ki, tələb inflyasiya ilə bağlı alıcılıq qabiliyyətinin itirilməsini nəzərə alır və buna uyğun olaraq maaş artımını da əhatə edir. Federal Aviasiya Təhlükəsizliyi Şirkətləri Assosiasiyası (BDLS) bu il üçün 4 faiz, gələn il üçün isə 3 faiz daha çox əmək haqqı təklif edib. Bundan əlavə, iş vaxtından artıq işlərə görə mükafatların əvvəlkindən tez ödənilməsi təklif edilib. BDLS sözçüsü Ver.di-nin tələblərinin təkcə bu il üçün 250 milyon avro əlavə xərc gətirdiyini söyləmişdi. Fevralın 6 və 7-də Berlində maaşla bağlı danışıqlar davam etdiriləcək.
Mənbə: hurriyyət.tr
Aynur Camal