“Ramiz Əzizbəylini mən həm aktyor, həm də rejissor kimi böyük sənətkar olaraq qəbul edirəm. Müharibə haqqında çəkilən ən gözəl filmlərdən danışılanda “Fəryad”la, “Yalan”nın adını çəkmişəm”
Bunu Moderator.az-a açıqlamasında yazıçı Aqil Abbas deyib. Yazıçı Xalq artisti Ramiz Əzizbəylinin onun haqqında səsləndirdiyi tənqidi fikirlərində haqlı olduğunu bildirib:
“Yəqin ki, Ramiz müəllim bunu oxumayıb, ya da dinləməyib. Bu təbiidir, ola bilər. Ramiz Əzizbəylini mən həm aktyor, həm də rejissor kimi böyük sənətkar olaraq qəbul edirəm. Müharibə haqqında çəkilən ən gözəl filmlərdən danışılanda “Fəryad”la, “Yalan”nın adını çəkmişəm. Özü də dəfələrlə “Yalan” filmi haqqında yazı da yazmışam. Ola bilər ki, bu Ramiz müəllimin diqqətindən qaçıb. Hətta “Yalanı” müdafiə də etmişəm. Çünki bəzi ağzıgöyçəklər deyirdi ki, bu əsgər atasından götürülmədir. Mən də yazmışam ki, boş söz danışırsınız, müharibədə eyni hadisələr ola bilər. O filmə də həmişə həvəslə baxan adamam. Həm ssenari müəllifinin əməyini, həm də rejissor işini qiymətləndirmişəm. Amma Ramiz Əzizbəyli haqqında böyük bir məqalə yazmamışam, bunu düz deyir, haqlı tənqiddir. Ramiz müəllim haqqında bu yaxınlarda daha gözəl bir yazı yazaram. Məsələn, “Bəxt üzüyü” təkcə komediya yox, həm də tragikomediyadır. Orda böyük faciələr var, ola bilsin ki, insanlar o incəlikləri “tuta” bilməyiblər”.
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli yazıçı Aqil Abbasdan onun haqqında yazı yazmadığına görə incidiyini bildirib.