İsrailin 5 aydan çoxdur hücumlarını həyata keçirdiyi Qəzza zolağında öldürülən Birləşmiş Millətlər Təşkilatı əməkdaşlarının sayı 165-ə yüksəlib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hesabatında Qəzza zolağındakı vəziyyətlə bağlı məlumat verilib.
“İsrail ordusunun Qəzza zolağının böyük bir hissəsini havadan, qurudan və dənizdən intensiv bombardmanları davam edib və bu, daha çox mülki əhalinin tələfatına, yerdəyişməsinə və mülki infrastrukturun məhvinə səbəb olub”, – deyə məlumatda bildirilir.
Əhalisinin 1,5 milyona çatdığı, İsrailin hücumlarından qaçan mülki vətəndaşların sığındığı Rəfah şəhərinə İsrail qüvvələrinin hava hücumlarının davam etdiyi qeyd edilən hesabatda, İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri həlak olan UNRWA işçilərinin sayı açıqlanıb.
Aclığın tüğyan etdiyi Qəzza zolağının şimalında uşaqlar arasında qida çatışmazlığının ən yüksək həddə çatdığı və Qəzzanın şimalında indiyədək ən az 23 uşağın qida çatışmazlığı və susuzluqdan öldüyü bildirilib.
Hesabatda Qəzza zolağında xəstəxanalarda səhiyyə xidmətlərinin göstərilməsində ciddi problemlərin olduğu vurğulanıb və UNRWA-nın tərkibindəki 23 sağlamlıq mərkəzindən 7-nin fəaliyyət göstərdiyi qeyd edilib.
İsrail ordusunun 160 gündür hücumlarını davam etdirdiyi və köçkünlərin sığındığı mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri və sığınacaqları hədəf alması nəticəsində təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında böyük humanitar fəlakət yaşanır.
Beynəlxalq dairələr, xüsusilə də BMT təşkilatları, aclıq, susuzluq və gigiyena materiallarının çatışmazlığının səbəb olduğu xəstəliklər səbəbiylə Qəzzada atəşkəs və bölgəyə humanitar yardımların daxil olmasını artırmağa çağırır, xəstəxanaların çoxunun xidmət göstərmədiyi, çatışmazlıqlar var.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 13 min 500-ü uşaq, 9 mini qadın olmaqla 31 min 341 fələstinli həlak olub, 73 min 134 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Mənbə: TrtHaber
Aynur Camal