Müsəlman tələbələrin təhsil aldığı Fransanın qabaqcıl liseylərindən biri olan Özəl Averroes (Averroes) Liseyinin dövlətlə müqaviləsinə xitam verildiyi açıqlanıb.
Le Parisien-in məlumatına görə, Hauts-de-France qubernatoru Georges-François Leclerc Lilldə yerləşən və universitetə yerləşdirmə müvəffəqiyyəti 90 faizdən çox olan Averroes Şəxsi Liseyinin dövlət müqaviləsini ləğv etmək qərarına gəlib.
Qərarda liseydə verilən təhsilin Fransa Milli Təhsil Nazirliyinin kurikulum gözləntilərini “mənbə və məzmun” baxımından “tam olaraq qarşılamadığı” iddia edilib.
Qərarda “mədəniyyət, cinslərarası münasibətlər, homoseksuallıq” kimi mövzularda vəsait çatışmazlığının olduğu bildirilərək, İslam dini ilə bağlı tələbələrə verilən resursların digər dinlərə aid mənbələrdə üstünlük təşkil etdiyi iddia edilib.
Bundan əlavə, qərarda liseydə çalışan bəzi müəllimlərin “respublika dəyərlərinə zidd” olduğu iddia edilib.
Qərar liseyin daimi müəllimlərini və illik büdcəsindən yarım milyon avro dövlət yardımını itirməsi ilə nəticələnəcək.
Hauts-de-France Qubernatorluğunun göstərişi ilə noyabr ayında toplanan xüsusi təhsil məsləhət komissiyası 2008-ci ildə məktəblə bağlanmış müqavilənin ləğvinin lehinə səs verib.
Digər tərəfdən, Fransa Müsəlmanları Federasiyası qərara reaksiya verərək Averroes Liseyi müəllimləri ilə həmrəy olduqlarını açıqlayıb.
Açıqlamada komissiyanın müqavilənin ləğvi ilə bağlı qərarının təkcə uğurları ilə seçilən müsəlman təhsil ocağının deyil, bütün özəl qurumların gələcəyi üçün həyəcanlı mesaj olduğu bildirilib.
2003-cü ildə təhsil həyatına başlayan məktəb hicablı olduğu üçün başqa təhsil müəssisələrinə gedə bilməyən müsəlman tələbələrə ilk olaraq qapılarını açıb. Bir neçə ildə şagird sayını artıran liseylə yanaşı, Averroes orta məktəbi də 2012-ci ildə fəaliyyətə başlayıb. Bu gün 800-dən çox şagird Averroes Liseyi və Orta Məktəbində təhsil alır.
Mənbə: TrtHaber
Aynur Camal