“Oyuq”çular “Mənim atam qəhrəmandır” adlı silsilə layihəyə qatılıbbackend

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki istedadlı uşaqlardan təşkil olunmuş “Oyuq” teatr-studiyasının yetirmələri “Mənim atam qəhrəmandır” adlı silsilə layihəyə qatılıb.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları üçün təşkil olunan “Mənim atam qəhrəmandır” adlı bu silsilə layihədə balaca aktyorlar öz məharətlərini göstəriblər.

“Yeni Gündəm” xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində, Qız qalasının qarşısında təşkil olunan bu mərasimdə “Oyuq”çular həmyaşıdlarına müxtəlif tamaşalardan səhnəciklər, eləcə də vətənpərvərlik motivli kompozisiyalar nümayiş etdiriblər.
Teatrın repertuarındakı maraqlı səhnə nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşası, istedadlı aktrisa Ülviyyə Əliyevanın bu monotamaşası da alqışlarla qarşılanıb.
Milli və xarici nağıl qəhrəmanlarının maskot kuklaları, eləcə də müxtəlif kukla tamaşalarının qəhrəmanları tədbirə xüsusi rəng qatıb.
Xatırladaq ki, kuklaçıların şəhid ailələri, xüsusən də şəhid övladları üçün təşkil olunan tədbirlərdə, müxtəlif qurumların tərtib etdiyi düşərgələrdə çıxışları ənənə halını alıb və bu sistemli olaraq davam edəcək.