Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı Ermənistanın yeni ərazilərini ələ keçirməkdə ittiham edib. Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulduğunu” deyib. Eyni zamanda, o, Ermənistandakı Rusiya hərbi bazasının saxlanılması məsələsinin gündəmdə olmadığına inandırıb.
“France 24” telekanalına müsahibəsində baş nazir bildirib ki, Bakı bugünkü Ermənistanı “Qərbi Azərbaycan” hesab edir. Onun fikrincə, Azərbaycan prezidenti İlham Əliyev “ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi istəmir, Ermənistanda yeni əraziləri ələ keçirməyi planlaşdırır”.
Nikol Paşinyan Rusiya hakimiyyətinin mövqeyini də tənqid edib. O, iddia edir ki, bir neçə ay əvvəl Rusiya “açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb”. Onun sözlərinə görə, “Moskvadan ona qarşı aparılan bu təbliğat zəifləmir”. Paşinyan səfərbərliyi tərk etmiş Rusiya vətəndaşı Dmitri Setrakovun Ermənistanda saxlanmasından da narahatlığını bildirib və bunu “qaçırılma” adlandırıb.
“Biz öz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”, – deyə Nikol Paşinyan bildirib və “İrəvanın tələbləri cavabsız qalarsa, nəticələri” ilə hədələyib.
Ermənistan XİN və Müdafiə nazirliklərinin rəhbərləri 2023-cü ilin noyabrında Minskdə keçirilən KTMT sammitində iştirak etməyiblər. Nikol Paşinyan tədbirdə iştirakdan imtinasını “Ermənistanın ərazi bütövlüyü və suverenliyinin şübhə altına alındığı məntiqə qoşulmaq istəməməsi” ilə izah edib. Ermənistan Xarici İşlər Nazirliyi əmin edib ki, ölkə KTMT-dən çıxmaq və Rusiya hərbçilərini çıxarmaq barədə düşünmür.
Dünən, fevralın 22-də Ermənistanın “Faktor” nəşri mənbəyə istinadla Rusiya sərhədçilərinin Yerevan Zvartnots beynəlxalq hava limanından çıxarılacağı barədə məlumat yayıb. Bunun yaxın vaxtlarda baş verəcəyi bildirilir. Nəşrin adını açıqlamayan həmsöhbəti bunun “siyasi qərar” olduğunu qeyd edib. Rusiya sərhədçilərinin Zvartnotsda yerləşdirilməsi hökumətlərarası razılaşma ilə deyil, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya FSB-nin imzaladığı sənədlə tənzimlənir.
Mənbə: mail.ru
Aynur Camal