Pekində Azərbaycan-Çin dostluq konserti keçirilibbackend

Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib.

“Yenigundem” AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən olan konsertin tamaşaçıları arasında Çin Xalq Respublikasının (ÇXR) rəsmiləri, o cümlədən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Pekin xalq hökumətinin, digər dövlət qurumlarının məsul işçiləri olublar.

Konsertdən əvvəl çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Çinin dost və tərəfdaş ölkələr olduğunu qeyd edərək, xalqlarımız arasında əlaqələrin tarixi İpək Yolu dövründən başladığını deyib. Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə Azərbaycan-Çin dostluğunu “Yeddi gözəl” poemasında vəsf etdiyi Çin gözəli obrazı ilə təsvir edib. Belə bir möhkəm özül üzərində qurulmuş Azərbaycan-Çin dostluğunun və əməkdaşlığının indiki mənzərəsi daha zəngin və rəngarəngdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun daxil olduğu nümayəndə heyəti Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının muzeyi ilə də tanış olub.