“Yeni Gundem” xəbər verir ki, piyadanın ölümünə səbəb olma və hadisə yerindən qaçma faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Yol nəqliyyat hadisəsinin “VAZ-2106” markalı 32-BA-308 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1994-cü il təvəllüdlü Mustafayev İsmət Şükür oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
İsmət Mustafayev dekabrın 18-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.