“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (İdarə) dəstəyi və “F3.7 Union” Fotoqrafların Yaradıcı Birliyinin (Birlik) təşkilatçılığı ilə İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində “Fokusdan kənar” adlı fotosərginin açılış mərasimi keçirilib.
“Yeni Gündəm” xəbər verir ki, estetik nöqteyi-nəzərdən ekoloji vəziyyəti əks etdirəcək sərginin əsas mesajı “Planet sənin onu yaratdığın kimidir” şüarıdır. Sərgidə Azərbaycanın müasir dövr fotoqrafları Yer planetinin bütün sakinlərinin üzləşdiyi və eyni zamanda, etinasız yanaşdığı ekoloji fəlakətlərin aktual olan həqiqətlərini çatdıran əsərlərini nümayiş etdiriblər.
Avqustun 1-də isə sərgi çərçivəsində alman klassiki Vim Vendersin “Yerin duzu” adlı filmi nümayiş olunacaq. Eyni zamanda, sərginin fəaliyyətdə olacağı müddətdə iki tədbirin də keçirilməsi planlaşdırılıb. Onların biri fotoqrafların iştirakı ilə baş tutacaq, digəri isə “Femiscop” platformasının “EcoFeminist Fest” layihəsindən bəhs edəcəyi tədbir olacaq.
Sərginin proqramına daxil olan son hissə isə hərrac keçirilməsi ilə bağlıdır. Belə ki, istənilən şəxs fotoqrafların əsərlərini satın alaraq milli fotoqrafiyanın inkişafına töhfə verə biləcək.
Sərgi avqustun 15-dək davam edəcək.
Ayşən Rəhim