Azərbaycan polisi Rusiyanın Qarabağdakı müvəqqəti sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində boşaldıqları müşahidə məntəqələrində xidməti vəzifəsini davam etdirir.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyənin TrtHaber saytı da məlumat yayıb.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyannaməyə uyğun olaraq bölgəyə müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları bəzi müşahidə məntəqələrini boşaldıblar. Rusiya qüvvələrinin bölgədə 25-ə yaxın müşahidə məntəqəsi var.
Sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatından sonra silahlı erməni dəstələri bölgəni tərk etdikdən sonra Rusiya Müdafiə Nazirliyi təmas imkanları daha çox olan bölgələrdə müşahidə məntəqələrinin sayını azaltmaq qərarına gəlib. Əsgəran, Ağdərə və Şuşa rayonlarında 9 rus müşahidə məntəqəsi çıxarılıb.
AA komandası Qarabağın şəhəri Şuşanın girişində “Laçın dəhlizi” kimi tanınan Xankəndi-Laçın yolunda müşahidə məntəqəsinin fotolarını çəkib. Bu zaman rus əsgərlərindən qalan yalnız boş mühafizə daxması və yola nəzarət üçün istifadə edilən beton maneələr var idi. Hazırda Azərbaycan polisi sözügedən nöqtədə keşik çəkir.
Üçtərəfli bəyannamədə Rusiya qüvvələrinin bölgədəki xidmət müddətinin 2025-ci il noyabrın 10-da başa çatacağı yazılsa da, bölgədə yaranmış yeni vəziyyətlə əlaqədar bu müddətin daha qısa olacağı bildirilir.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyev onunla Rusiya qoşunlarının qalma müddətini müzakirə etmək istəyir.
Mənbə: TrtHaber
Aynur Camal