Politoloq: “Vardanyan Azərbaycan üçün heç nə və heç kimdir”backend

Onun əlində nə var ki, nə etsin? Qarabağın dağlıq hissəsində özünü “dövlət” adlandıran qurumun hansı imkanları var? Orada ordu yoxdur, olan da hərəkət etsə başı əziləcək. Maddi imknları Ermənistan dövlət büdcəsindən gələn 360 milyondan ibarətdir. Bu pulu da hərbçilər, təqaüdçülər arasında bölüşdürüb yeyirlər. Yəni, Ermənistan vergi ödəyicilərinin hesabına dolanırlar. Heç nə istehsal edə bilmirlər. Bir neçə mədən var ki, onu da kimlərsə istismar edir. Belə bir şəraitdə Vardanyan nə edə bilər? Yaxşı, mitinq keçirdi, sonra? Mitinqdə gurultulu çıxışlarla nəyəsə nail olmaq mümkün olsaydı, bizim müxalifət çoxdan dağı-dağ üstündə qoymuşdu. Demək istəyirəm ki, mitinqlər heç nəyi həll etmir.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Politoloq Zərdüşt Əlizadə deyib.

Siyasi şərhçi hesab edir ki,vaxtı gələndə ola bilsin ki, hətta hərbi cani olan Qarabağdakı erməni “liderləri” ilə danışaq:

“Əgər mitinqlərlə nəyəsə nail olmaq mümkün olsaydı, Ruben Vardanyan özünü Azərbaycan rəhbərliyinə sırımazdı. Vardanyan Rusiyanın təlimatı ilə fiqur kimi özünü Azərbaycan rəhbərliyinə sırımaq istədi, ancaq Azərbaycanda dedi ki, biz səni tanımırıq. Niyə? Məsələn, Rusiya əvvəl çalışdı ki, Donbas və Luqansk separatçılarının rəhbərlərini Ukraynaya sırısın. Ukrayna rəhbərliyi isə onları qəbul etmədi, çünki onlar heç kimdir, Rusiyanın agenturasıdır. Sadəcə, Rusiya özü səsləndirə bilmədiyi tələbləri, hansı ki, bu tələblər beynəlxalq hüquqa ziddir, separatçı respublikaların qanunsuz liderlərinin dili ilə səsləndirir. Azərbaycanı da məcbur etmək istəyirdilər ki, oturub Ruben Vardanyanla danışsın. Vardanyan da Azərbaycan üçün heç nə və heç kimdir. Bu səbəbdən də İlham Əliyev açıq dedi ki, biz onu tanımırıq və onunla danışıq aparmaq niyyətimiz yoxdur. Aydındır ki, Vardanyan Moskvadan göndərilib. Biz vaxtı gələndə ola bilsin ki, hətta hərbi cani olan Qarabağdakı erməni “liderləri” ilə danışaq. Amma indi yox, vaxtı gələndə. Hələlik isə bizim planda Ermənistanla sülh müqaviləsinin bağlanması durur. Həmin sənəddə yazılacaq ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Ondan sonra biz öz daxilimizdə erməni əhalisi və onun nümayəndələri ilə danışmağa hazırıq. Amma Ruben Vardanyanı tanımırıq, bu adda Qarabağ ermənisi yoxdur və bundan sonra da olmayacaq.”

Fərahim Rəhimov