Postmüharibə dövrü və Azərbaycanın yaratdığı geosiyasi reallıqbackend

“Heç kimə sirr deyil ki, hazırda Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq regionuna təsir edən ciddi bir amilə çevrilmişdir. Belə ki, Azərbaycanın enerji resursları ilə yerləşdiyi regionun zənginliyi və əsas geosiyasi oyunçuların enerji resurslarının dünya bazarına nəql etmək marşrutları üzərində tam nəzarət əldə etmək istəkləri regional mübarizənin çoxkonfiqurasiyalı olduğunu təsdiqləyir. Belə qarışıq geosiyasi və geoiqtisadi reallıqlar fonunda da Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, qarşıdurmaya yox, əməkdaşlığa təkan verəcək istənilən addımı dəstəkləməklə və təşviq etməklə fərqlənir”.

Bu fikirləri “Yeni Gündəm” açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Onun sözlərinə görə,  Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir: “Bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlər qurmağa və ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəlmiş xarici siyasət konsepsiyası da bundan irəli gəlir. Bu siyasətin əsas xüsusiyyətləri şəffaflıq, mehriban qonşuluq və tərəfdaşlıqdır. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Qərarlar Bakıda Azərbaycanın milli maraqları əsasında ölkənin Prezidenti tərəfindən verilir.  Bu gün Azərbaycan dövlətinin güclənməsi və regional proseslərə siyasi, iqtisadi və mədəni təsirinin artması regional əməkdaşlığın güclənməsinə səbəb olan güclü amillərdir”.

Millət vəkili qeyd edib ki, eqoist maraqları heç zaman yaxına buraxmayan Azərbaycan malik olduğu iqtisadi və kommunikasiya potensialını region xalqları ilə bölüşməsi ilə seçilir və buna çoxsaylı nümunələr də göstərmək olar: “Ancaq bir məsələdə Azərbaycanın istəyi dəyişməz qalır: ölkəmizin milli və geosiyasi maraqlarına hörmət edilməlidir. 30 ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz, Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu və yeni vəziyyət yeni yanaşmalar tələb edir. Azərbaycan yeni reallıqlara münasibətini nümayiş etdirir və qarşı tərəfdən, yəni Ermənistandan da adekvat reaksiya göstərilməsini gözləyir. Hazırkı dövrdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyduğu bir vaxtda ikitərəfli əlaqələrin dərinləşməsi, ölkəmizin iqtisadi cəhətdən inkişaf etmiş Avropa məkanına inteqrasiyasının sürətlənməsi, eləcə də, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından münasibətlərin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. İstisna deyil ki, işğal altındakı ərazilərimizin azad edilməsi və ərazi bütövlüyümüzün bərpasından sonra artıq ölkəmizlə işbirliyi üçün yeni imkanlar yaranıb. Nəticə etibarilə, aydındır ki, bölgədə iqtisadi formatların yaradılması bir növ iqtisadi asılılıq, bunun fonunda da gələcəkdə region ölkələrinin sülh şəraitində yaşamasını təmin edəcək”.