Emmanuel Makron təhlükəsizlik səbəbi ilə Ukraynaya səfərini təxirə salıb.
Challenges Yelisey Sarayının bəyanatına istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya səfəri təhlükəsizlik səbəbi ilə təxirə salınıb. Cənab Makronun fevralın 13-14-də Kiyevə gələcəyi güman edilirdi. Səfər üçün yeni tarix hələ təyin olunmayıb.Yelisey Sarayından verilən açıqlamada səfər üçün seçilmiş tarixin qəti olmadığı vurğulanıb. Onlar Fransa prezidentinin təhlükəsizliyinin təmin edilməsinə daha çox vaxt ayırmaq üçün bu dəyişikliyi etdiklərini deyib.
Bundan əlavə, Challenges-in yazdığı kimi, Emmanuel Makron avropalı tərəfdaşlarla Kiyev və Odessaya səfəri zamanı elan edə biləcəyi Ukraynaya əlavə yardımı müzakirə etmək istəyir.
Cənab Makronun Ukraynaya səfəri üçün yeni tarix hələ müəyyən edilməyib. “Challenges”ə görə, mümkün tarixlərdən biri fevralın 24-ü, Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasının ikinci ildönümü ola bilər.
Xatırladaq ki, fevralın 10-da Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Cənab Zelenskinin dediyi kimi, onlar döyüş bölgəsindəki vəziyyəti və Ukraynanın müdafiə ehtiyaclarını müzakirə ediblər. “Makrona və fransız xalqına sarsılmaz dəstəyə görə təşəkkür etdim. Çox pozitiv və diqqət mərkəzində olan söhbət olub”, – deyə o qeyd edib.
Qeyd edək ki, Emmanuel Makron sonuncu dəfə 2022-ci il iyunun 16-da Ukraynaya səfər edib. Kiyevdə o, həmçinin Almaniya kansleri Olaf Şolz və onunla birlikdə gələn İtaliyanın baş naziri Mario Draqi Vladimir Zelenski ilə görüşmüşdü. Yekun mətbuat konfransında cənab Makron altı Sezar artilleriya sisteminin Ukraynaya təhvil verildiyini açıqlayıb.
Mənbə: mail.ru
Aynur Camal