Bərdə rayonunda 1996-cı il təvəllüdlü Bəkir şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində arvadı Məlahəti (adlar şərti verilib – red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il mayın 25-də baş verib. Məlahətin yeməyi hazırlamadığına görə evin yataq otağında Bəkirlə mübahisə düşüb.
Mübahisə zamanı Məlahət ərinin mərhum anası haqqında nalayiq ifadələr işlədib. Əsəbiləşən Bəkir qisas almaq niyyətilə arvadını öldürmək qərarına gəlib. O, ov tüfəngini götürüb və arvadına atəş açıb. Məlahət aldğı xəsarətdən ölüb.
İstintaq orqanı tərəfindən Bəkirin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəkir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Məlahətlə 2016-cı ildə evlənib: “Evim yox idi, maddi durumum aşağı idi deyə Məlahətin ailəsi qızlarının mənimlə evlənməsinə narazılıq etmişdilər. Məlahət də mənə qoşularaq qaçdı. Evliliyimizdən iki övladımız dünyaya gəldi. Məlahət ilə evləndikdən sonra daima başqa-başqa şəxslərin fermer təsərrüfatlarında işləyərək fəhləlik etmişəm, heyvanlara baxmışam.
Maddi durumum aşağı olduğu üçün arvadımla, həmçinin arvadımın valideynləri ilə aramda tez-tez söz-söhbət, mübahisə yaranıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin oktyabrında arvadı Məlahətlə arasında yenidən narazılıq yaranıb: “Bunun üçün Məlahəti atası evinə apardım. Özüm isə işləmək üçün Bakı şəhərində getdim. Bakı şəhərində Respublika Psixiatriya Xəstəxanasında mühafizədə işə qəbul olunduqdan təxminən 1 ay sonra Məlahət mənə zəng etdi. Mənimlə barışmaq istədiyini bildirdi.
Geri qayıdaraq ailəmi də özümlə birlikdə Bakı şəhərinə apardım. Bakıda olarkən rayona qayıtmaq, təsərrüfatla məşğul olmaq istədim. Adını xatırlamadığım, sosial şəbəkədə tanış olduğum bir nəfərdən Bərdə rayonunda yerləşən fermerə çoban axtarıldığını öyrəndim. Həmin şəxs mənə Validə xalanın oğlu Əlinin mobil nömrəsini verdi. Əliyə zəng etdim, iş axtardığımı bildirdim. Əli ilə aylıq əmək haqqı və iş şəraiti barəsində razılaşdıqdan sonra mayın 7-də ailəm ilə birlikdə Bakı şəhərindən birbaşa Bərdə rayonuna, Əlinin fermasına gəldim. Həmin gündən etibarən işləməyə başladım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən səhər saat 06.30-da arvadı ilə yuxudan oyanıb və heyvanları rahatlamaq üçün tövləyə gediblər: “Həmin vaxt uşaqlar da oyanmışdllar. Məlahətlə birlikdə heyvanları rahatladıq. Bundan sonra birinci növbədə inəkləri fermaya gələn yola tərəf, fermadan təxminən 300 metr aralı məsafəyə otlamaları üçün aparan zaman Məlahəti səhər yeməyi hazırlaması üçün evə göndərdim.
Bəkir deyib ki, yataq otağının sağ küncündə, pəncərinin üstündən asılmış tək lüləli ov tüfəngini götürüb: “Tüfəngi əlimə aldıqdan sonra patronu yuvasına yerləşdirdim və dərhal tətiyi çəkdim. Tüfəngdən atəş açdım və Məlahət arxası üstə üzərində dayandığı döşəyin üstünə yıxıldı. Qırma Məlahətin qarın boşluğundan dəydi. Silahı çarpayının üzərinə atdım. Atəş səsinə övladlarım biz olan otağa gəldi. Namil daha böyük olduğu üçün ona anasını öldürdüyümü heç kimə deməməsini bildirdim və iti addımlarla heyvanları otlamaları üçün apardığım yerə getdim.
Namil isə qaçaraq qonşuluqda yaşayan, ferma təsərrüfatının sahibi Əlinin anasını çağırmağa getdi. Mən də heç nə olmamış kimi heyvanların yanına getdikdən təxminən 10 dəqiqə sonra Validənin uca səslə məni çağırdığını eşitdim. Heç nədən xəbərim yoxmuş kimi qaçaraq Validənin yanına getdim. Validə dedi ki, Məlahət yerdədi, özünü tüfənglə vurub.
Yataq otağına daxil olanda Məlahətin xırıldadığını, can verdiyini gördüm. Kömək üçün qonşuluqda yaşayan Familin evinə tərəf qaçdım. Familə avtomobilini tez sürüb yaşadığım evin yanına gəlməsini bildirdim. Yenidən evə geri qayıtdım. Famil gecikdiyindən Məlahəti avtomobilinin arxa oturacağına qoyduq. Onu Bərdə rayon Xəstəxanasına apararkən yolda vəfat etdi”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Bəkir 12 il müddətinə azadlıqdan məhrum edilib.