“Putin bu planın reallaşmasını növbəti prezident müddətinə saxlaya bilər”backend

“Rusiya Kommunist Partiyasının Dövlət Dumasına “Donetsk Xalq Respublikasını” və “Luqansk Xalq Respublikasını” tanımasını təklif edib. Rusiya kommunistləri parlamentin “tanınma” təklifiylə Rusiya prezidentinə müraciət qəbul edilməsini təklif ediblər. Bu elə Kremlin təklifidir, sadəcə təklifi hakim “Vahid Rusiya” partiyası tərəfindən deyil, nəzarətlərindəki sözdə müxalifət – Kommunist Partiyası tərəfindən irəli sürülməsini təmin ediblər. Əslində Kreml separatçıları çoxdan tanıyıb. Birincisi, Rusiyanın hərbi dəstəyi olmadan separatçılar bölgəni işğal edə bilməzdilər. İkincisi, bölgənin iqtisadiyyatı Rusiyanın müvafiq qurumları tərəfindən idarə olunur. Üçüncüsü, Kreml separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanlara Rusiya pasportları paylayıb”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, Kreml iki mərhələdə məsələni öz xeyrinə həll etməyi planlaşdırır: “Birinci mərhələdə separatçıları rəsmən tanıyacaqlar, ikinci mərhələdə isə 2014-cü ildə Krımda olduğu kimi Donetskdə və Luqanskda “referendum” keçirib bölgəni Rusiyaya birləşdirəcəklər. Bu Putinin Ukrayna ilə bağlı minimum planıdır. Maksimum plan isə “Novorossiyadır”, yəni Ukraynanın tən yarısının qopardılmasıdır. Putin bu planın reallaşmasını növbəti prezident müddətinə saxlaya bilər”.

Politoloq “Rusiyanın Abxaziya və Cənubi Osetiyanın ardından Donbass separatçılarını rəsmən “tanımasının” Azərbaycan-Ermənistan qarşıdurmasına hansı təsiri ola bilər?” sualını isə belə şərh edib: “Kremlin Donbass separatçılarını “tanıması” Qarabağ separatçılarını və onların başda Ermənistan olmaqla digər dövlətlərdəki tərəfdarlarını fəallaşdıracaq. Separatçılar dünyadakı erməni lobbisi ilə birgə “tanınma” mövzusunu aktuallaşdırmağa çalışacaqlar. Bu məqsədlə bölgədə təxribatların sayı da arta bilər. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın bir neçə gün əvvəl “Laçın dəhlizindən keçidlərə rusiyalı sülhməramlılar qərar verir” açıqlaması bizim üçün xəbərdarlıq zəngi olmalıdır. Təəssüf ki, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Qərb ölkələri Qarabağla bağlı fərqli siyasət yürüdürlər. Fransa prezidentliyinə namizədin heç birinin Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa getmək ağlına gəlməzdi, ancaq Azərbaycan sərhədini pozaraq rusiyalı hərbçilərin nəzarətindəki Xankəndiyə gəlməyi özləri üçün qüsur hesab etmirlər”.

“Bakı ilə Moskva arasında tərəfdaşlıq münasibətləri mövcud olsa da, rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyəti münasibətlərdə getdikcə sualların sayını artırır. Qarabağ separatçıları Ermənistan kimi Rusiyanın vassalı olmağa hazırdılar. Moskva isə onların qarşısında baş əyənləri sevir. Erməni separataçıları və Ermənistandakı “Qarabağ klanı” əllərindən gələni edəcəklər ki, Rusiya Donbass kimi Qarabağı da siyasi himayəsi altına alsın. Bu təhlükəli ssenarilərin qarşısını almaq bizdən asılıdır” – E.Şahinoğlu əlavə edib.