Putin: Suveren Fələstin qurulmalıdırbackend

Rusiya lideri “Suveren Fələstin dövlətinin yaradılmasına ehtiyac var” mesajını verib.

“Yeni Gundem” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İsrail-Fələstin münaqişəsindən sonra mühüm açıqlamalar verib.

Putin paytaxt Moskvaya səfər edən İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

ABŞ-ın Yaxın Şərqdə həll yolunu monopoliyaya almağa çalışdığını bildirən Putin, “Fələstin xalqının fundamental maraqlarının” nəzərə alınmadığını qeyd edib. Putin Sudani ilə görüşündə müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyinə diqqət çəkib.

Rusiya lideri “İlk növbədə müstəqil, suveren Fələstin dövlətinin yaradılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına ehtiyac var” deyib.

Bölgədə vəziyyətin pisləşməsindən təəssüfləndiyini bildirən Putin bunun ABŞ-ın Yaxın Şərq siyasətinin iflasa uğramasının nümunəsi olduğunu bildirib.

Rusiya prezidenti deyib: Təəssüf ki, biz Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşdiyini görürük. Düşünürəm ki, çoxları mənimlə razılaşacaq ki, bu, vəziyyəti monopoliya altına almağa çalışan ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğunun bariz nümunəsidir.

ABŞ-ın həm İsrail, həm də Fələstin üçün məqbul bir kompromis tapmaqda maraqlı olmadığını bildirən Putin, belə davam etdi:“Onlar kompromis tapmaqda maraqlı deyillər”.

İnterfaks-ın məlumatına görə, Vladimir Putin həmçinin əlavə edib ki, Fələstin-İsrail münaqişəsi zamanı mülki əhalinin zərər çəkməsinin qarşısını almaq üçün səylər göstərilməlidir: “Biz münaqişənin bütün tərəflərini buna çağırırıq”.

Xatırladaq ki, Rusiya lideri əvvəlki bəyanatında 1967-ci il sərhədlərinə tabe olan və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəklədiklərini vurğulamışdı.

Mənbə: EnSonHaber

Aynur Camal