150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti nəşr – dünya şöhrətli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.
YeniGündəm xəbər verir ki, kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabın “Hekayələr”, “Romanlar”, “Söhbətlər, müsahibələr” adlı fəsillərdən ibarət I cildinə yazıçının “Dünyanın ən gözəl ölüsü”, “İsabel Makondada yağışa baxır”, “Montyelin dul qadını”, “Üçüncü itaət”, “Süni qızılgüllər”, “Polkovnikə məktub yoxdur”, “Gəmidən dənizə düşən adamın tarixçəsi”, “Küskün gözəlçələrimi xatırlayıram” kimi məşhur roman və hekayələri, ədəbiyyat, sənət, həyat haqqında söhbət və müsahibələri daxil edilib.
İkinci cilddə yer almış “Patriarxın payızı” və “Gözlənilən bir qətlin tarixçəsi” romanları “Latın Amerikasının tənhalığından keçən dünyanın ən məşhur yazıçısı” adlı “Ön söz” və Venesuela yazıçısı Migel Otero Silva ilə Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanı haqqında düşüncələri ilə təqdim olunub.
Əsərləri Azərbaycan dilinə – İshaq İbrahimov, Afaq Məsud, Natiq Səfərov, Arif Əmrahoğlu, Saday Budaqlı və digər tanınmış yazıçı və tərcüməçilər çevirib.
Kitabın redaktoru Bəhlul Abbasov, izah və qeydlərin müəllifi Mahir N.Qarayevdir.