Bakıda qadına qarşı soyğunçuluq edən şəxs yerindəcə saxlanılıb.
“Yeni Gündəm” DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsi 24 ünvanında naməlum şəxs Bakı şəhər sakini olan T.Gərayevaya zor tətbiq edərək onun içərisində 104 manat, mobil telefon, sənədlər və digər şəxsi əşyaları olan çantasını əlindən alaraq hadisə yerindən qaçıb.
Xidmətdən kənar vaxtı həmin yerin yaxınlığından keçən polis serjantı Əziz Qurbanov qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb.
Polis əməkdaşı cinayəti törədən şəxsi yaxalayaraq soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutla birlikdə şöbəyə təhvil verib.
Araşdırma aparılan zaman həmin cinayəti törədən şəxsin Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Şaiq Həsənov olduğu məlum olub və o, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.
Faktla bağlı saxlanılan şəxs barəsində araşdırmalar davam etdirilir.