“Qarabağ erməniləri dinc yaşamağlarını istəyirlərsə humanitar yardımı qəbul etməlidirlər” – Deputatbackend

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən humanitar yardım Azərbaycan tərəfindən atılan humanist addımdır. Ermənistanın və onun himayədarlarının “humanitar böhran”, “blokada”dakı oyunları tam fiaskoya uğrayır. Azərbaycan dövləti bütün beynəlxalq platformalarda həqiqəti dünyanın diqqətinə çatdırır, yalançı erməni təbliğatının qarşısını alır.

Bu fikirləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin üzvü Hicran Hüseynova bildirib.

Milli Məclisin deputatı həmçinin açıqlayıb ki, Rəsmi Bakı bütün yaranan problemləri sülh yolu ilə, humanitar gündəliyə əsaslanaraq həll etməyə çalışır və digər tərəfdən, Azərbaycan beynəlxalq ictimaiyyətə açıq şəkildə bildiririk ki, humanitar məsələlərin həlli ilə bağlı məsələlər siyasiləşdirilməməlidir.

“Separatçı hakimiyyətin humanitar yardımın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə çatdırılmasına əngəllər yaradacağı gözlənilən idi. Burada aydın görünür ki, xunta rejimi və separatçılar Azərbaycanın bu hissəsinin ölkənin əsas hissəsinə inteqrasiyasında maraqlı olmadığı kimi, Azərbaycan ərazisindən bu cür yüklərin gəlməsində maraqlı deyil. Əgər həqiqətən də məhsulların çatdırılması üçün təcili humanitar yardıma ehtiyac varsa, o zaman yol açıq olmalıdır və yardım təyinat yerinə getməlidir. Bu baş verməsə, bəlli olacaq ki, erməni tərəfi bir məqsədlə şou qurur – indiki vəziyyət ətrafında qeyri-müəyyənliyi uzatmaq, bundan Azərbaycana qarşı arqument kimi istifadə etmək, Bakıya təzyiq göstərmək. Bu isə süni şəkildə gərginliyin yaranması deməkdir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərə humanitar karvan göndərməsinin xüsusi əhəmiyyəti var.

“İlk növbədə, dövlətimiz Qarabağdakı ermənilərin taleyindən narahat olan Ermənistana, onun havadarlarına, eləcə də dünya ictimaiyyətinə Ağdam-Xankəndi yolunun olduğunu, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə buradan yardım göndərə biləcəklərini göstərir. Yəni Laçın yolunun siyasiləşdirilməsinə və hər hansı bir xüsusi funksiya verilməsinə ehtiyac yoxdur. Eyni zamanda, bu ərazilər hər kəs, o cümlədən də Ermənistanın tanıdığı Azərbaycanın suveren torpaqlarıdır. Və burada yaşayan insanlar həqiqətən də “blokada”dırsa, rəsmi Bakı onların problemlərini özü həll edə bilər. Lakin əgər Qarabağdakı ermənilər bundan imtina etsələr, bununla bütün bunların bir yalan olduğunu, özləri-özlərini blokadaya saldıqlarını bütün dünyaya nümayiş etdirəcəklər”.

Parlamentin komitə sədrinin fikirincə, Azərbaycanın humanist mövqeyinə baxmayaraq, Ermənistan və separatçılar hər dəfə sülh prosesinə mane olmağa çalışırlar.

“Əgər Qarabağda yaşayan erməni əsilli insanlar Azərbaycana inteqrasiya, dinc yaşamaq haqqında düşünürlərsə, bu humanitar yardımı qəbul etməlidirlər. Azərbaycan hər zaman humanist mövqedən çıxış edir, sülhə nail olmaq üçün töhfələr verir. Buna çox nümunələr göstərmək olar. Bu günlərdə Azərbaycan bayrağını təhqir edən və sərhəddə saxlanılan ermənilərə qarşı kifayət qədər humanist cəza tətbiq edilib. Təqsirləndirilən şəxslərin əməllərini səmimi etiraf etmələri nəzərə alınmış, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, humanizm prinsipi tətbiq edilməklə barələrində cinayət təqibinə xitam verilmişdir. Əlbəttə ki, biz heç bir zaman dövlətimizə, vətəndaşlarımıza qarşı edilən cinayətləri unuda bilmərik və unutmayacağıq. Lakin biz həm də gələcəyə baxırıq, bütün ağrı, faciə və çətinliklərə baxmayaraq yeni səhifə açmağa hazır olduğumuzu dəfələrlə bəyan etmişik”.

Hicran Hüseynova onu da əlavə edib ki, bütün bunlar rəsmi Bakının Qarabağda yaşayan ermənilərə münasibətdə kifayət qədər səbirli və humanist mövqeyindən xəbər verir. “Onlar da öz növbəsində başa düşməlidirlər ki, əgər Azərbaycan bayrağı altında, dinc şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda başqa seçim edərək Azərbaycan ərazisini tərk edə bilərlər”,-deyə o qeyd edib.

Fərahim Rəhimov

Yenigundem.az