Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılov ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirib.
Baş Prokurorluqdan verilən məlumata görə, B.İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, bununla da başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı B.İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün ümumilikdə 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsi aşkar olunub.
İş üzrə B.İsmayılova Cinayət Məcələsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.2.2 (təkrarən dələduzluq törətməyə cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməyə cəhd), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri, M.Nəzərəliyevaya isə 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.