Qənirə Paşayeva TBMM-in 100 illik yubiley simpoziumunda məruzə edibbackend

Beynəlxalq Türk Akademiyasının (BTA) və Türkiyə Böyük Millət Məclisinin (TBMM) birgə təşkilatçılığı ilə TBMM-nin 100 illik yubileyinə həsr olunmuş, 4 dekabrda TBMM Başqanı cənab Mustafa Şəntop tərəfindən açılmış beynəlxalq elmi simpozium dekabrın 6-da da öz işini davam etdirib.

“Online” rejimdə keçirilən “TBMM-in 100-cü ilində milli suverenlik və təmsil” adlı beynəlxalq simpoziumun işində dünyanın bir çox ölkəsindən Millət vəkilləri, alimlər, politoloqlar, ekspertlər iştirak edir.
BTA-nın Daimi katibi prof.dr Asxat Kesikbayevin aparacısı olduğu 6 dekabr tarixli panel toplantısında, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Çağdaş türk respublikaları arasında mədəni-humanitar əlaəqlər” mövzusunda məruzə ilə çıxış edib.
Komitə sədri TBMM-in 100 illiyini qeyd edərəkən ilk növbədə bu Məclisin qazi məclis olduğunu özəlliklə vurğulayıb; Qazi Mustafa Kamal Atatürkü rəhmətlə anıb. Böyük öndərin başçılığı ilə 1920-ci ildə fəaliyyətə başlamış TBMM-in keçdiyi şərəfli yolun XX yüzildən bəri dünya parlamentarizmi üçün böyük bir örnək təşkil etdiyini deyib.
Qənirə Paşayeva ortaq türk qurumları TürkPA, Türk Keneşi və Türk Akademiyasının simpoziumun hazırlanmasında və işində iştirakını təqdirlə qeyd edib.
TBMM-in qurulduğu illər türk dünyası üçün təbəddülatlı illər kimi xarakterizə edən Qənirə Paşayeva, TBMM-dən öncə qurulmuş – Yaxın Şərqin ilk parlamenti olan Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin, işğaldan sonra öz fəaliyyətini dayandırdığını və nəticə etibarı ilə TBMM-in tək müstəqil türk dövlətinin parlamenti olaraq yarandığını deyib.
Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyə parlamentlərinin üzvü olmuş tək insan olduğunu xatırladan Komitə sədri, onun doğulduğu Şuşa şəhərinin, Qarabağın azad edildiyi bugünlərdə ruhunun şad olduğunu, bütün türk böyüklərinin ruhunun şad olduğunu söyləyib.
Qənirə Paşayeva Müzəffər Ordumuzun Ali Baş Komandan, Ölkə Prezidenti cənab İlham Əliyevin başçılığı ilə böyük zəfərə imza atdığını deyərək, tarixi zəfərin qazanılmasında əvəzsiz mənəvi, siyasi dəstək verən Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla, türk dövlətinə, TBMM-ə, bütövlükdə qardaş ölkə xalqına minnətdarlıq ifadə edib.
Azərbaycanın yanında olan bütün dövlətlərə, qurum-quruluşlara, o cümlədən TürkPA, Türk Keneşi, TÜRKSOY və Türk Akademiyasına bir daha təşəkkür edən xanım Paşayeva, İsmayıl Qaspiralının “Dildə, fikirdə, işdə birlik”, Əli bəy Hüseynzadənin “Türkləşmək, çağdaşlaşmaq, islamlaşmaq” kəlamlarını xatırladıb. – “Dil və fikir birliyi böyük mədəniyyətdir. Mədəniyyət bizim birliyimizdə ən böyük körpüdür. Bir düşünün, yüz illər öncə yaşamış Kaşqarlı Mahmud neçə türk ləhcəsini, şivəsini bilirdi və necə bir ensiklopedik xəzinə yarada bilmişdi.
Yaxud Qaspiralının “Tərcüman”ını az qala bütün türk ölkə və topluluqlarına yayılır və oxunurdu. Bugün də ortaq bir media platformasına ehtiyac vardır. Demək, ortaq əlifba, ortaq anlaşma imkanlarını gücləndirmək çox önəmlidir.
Məmnuniyyətlə bildirmək istərdim ki gələn ildən Azərbaycanın bütün orta məktəblərində “Ortaq türk tarixi” dərs olaraq öyrədiləcək. BTA-nın öncüllüyündə hazırlanmış o dərslik, yeniyetmə və gənclərimizin keçmişdən doğru sonuclar çıxararaq, gələcəyə doğru istiqamətlənməmizə kömək edəcək”.
Qənirə Paşayeva sonra ulu Əhməd Yasəvi irsinin türk-islam əxlaqının yayğınlaşması, birlik modelində əsas alınması imkanlarına vurğu edib.
Daha sonra yenidən Şuşa və Qarabağ mövzusuna qayıdan Komitə sədri, Şuşa şəhərini yalnız Azərbaycanın deyil, türk dünyasının mədəniyyət paytaxtlarından biri kimi xarakterizə edib; ümumən Qarabağdakı mədəniyyət abidələrini ortaq türk mədəniyyətinin mirası olaraq dəyərləndirərək, türk ölkə və topluluqları üçün Qarabağın böyük mədəniyyət turizmi imkanlarından söz açıb.
“Mən Azərbaycan parlamentinin üzvü olsam da, bugünədək dünyanın harasında oldumsa, oralardakı tədbirlərdə məsələn, qazax, qırğız, özbək, türkmən millət vəkili yoxuydusa, özümü onların da yerinə qoyaraq, davranmağa çalışdım.
Bu dünyanın tək bir gerçəyi var: güclü olmalıyıq! Güclü olmağın yolu isə birlikdən keçir.
TBMM-in 100 illik yubileyi münasibəti ilə hər bir qardaş ölkə parlamentarsini təbrik edirəm! Bu bizim hamımızın bayramıdır.
Birliyimizin gələcəyi üçün daha çox çalışacağıq. Çünki siyasi iradə mövcuddur; Cümhurbaşqanlarımız birliyimizin güclənməsi üçün mümkün olan addımları atır. Bizlər də öz üzərimizə düşən missiyanı məsuliyyətlə yerinə yetirməliyik.” – Mədəniyyət Komitəsinin sədri qeyd edib.

6 dekabr tarixli panel toplantısında, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə yanaşı Millət vəkili Cavanşir Feyziyev (“Türk parlamentarizm ənənələrinin təkamül tarixi”), Özbəkistan Ali Məclisinin üzvü, tarixçi alim Əzəmət Ziya (“Teymurilər dövründə Özbək Dövlətində Keneşlər və Qurultaylar” mövzusunda) məruzə ilə çıxış edib.
Məruzə və müzakirələr TBMM-nin “web-portal”ında canlı yayımlanıb. Simpozium öz işini növbəti günlərdə də davam etdirəcək.
Arzu edənlər buradan izləyə bilərlər:
https://youtube.com/watch?v=kG_RCt_qVWk%3Fautoplay%3D1