Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdirbackend

Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir;

Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına – Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya miqyasında qazandığı böyük nüfuzundan xəbər verir. Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin və dəyərin göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Qoşulmama Hərəkatına 3 illik sədrliyi dövrü 2022-ci ildə bitməli idi. Lakin Azərbaycanın Hərəkata sədrliyi bir il də uzadıldı. Bəli, Azərbaycan 4 il sədrlik etməklə bir ilkə imza atdı. Bildirmək istəyirəm ki, dünyanın ərazi, əhali və iqtisadi baxımdan güclü olan ölkələri bu hərəkatın üzvüdür və Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmadan dünya miqyasında bütün problemlərin danışıq yolu ilə həll edilməsi və beynəlxalq hüququn əsas götürülməsini prioritet kimi götürür. 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilmiş və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddəti bir il uzadılmışdır. Bu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürüdür. Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafına xüsusi önəm vermişdir. Azərbaycanın təşəbbüsü ilə 2021-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və 2022-ci ildə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı yaradılmış, 2023-cü ildə Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması ideyası Hərəkata üzv olan dövlətlər tərəfindən dəstəklənmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı belə demişdir: “İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.” Azərbaycanın sədrliyi dövründə ölkəmizdə Qoşulmama Hərəkatının sammit və digər önəmli tədbirləri keçirilmişdir. Bunlardan biri də 2023-cü ilin martında Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammiti idi. Bu sammitdə Prezident İlham Əliyev Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etmiş və Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırmışdır. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu”. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzu daha da artmışdır. 2024-cü ilin yanvarından Qoşulmama Hərəkatında sədrlik Uqandaya keçəcək. Azərbaycan bu mötəbər təsisatın “Sədrlik Troykası”nın üzvü kimi onun fəaliyyətində və uğurlarında yaxından iştirak etməyə davam edir. Bununla bağlı olaraq Azərbaycan – Konqo münasibətləri də hərtərəfli inkişaf etmişdir. Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri baş tutub. Qeyd edək ki, Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir. Bu ölkə inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməsi hər iki tərəfin iqtisadi inkişafında müsbət rol oynayacaqdır. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub. İlham Əliyev və Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Göründüyü kimi, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. İstər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var. Hələ SSRİ dövründə Afrika ölkələrindən olan çoxlu sayda tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Azərbaycan pandemiya dövründə Afrika ölkələrinə dəstək verib, ikitərəfli münasibətləri inkişaf etdirib. Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır. Qeyd edək ki, Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən olduqca müsbət qarşılanır və dəstəklənir. Hətta Fransanın ənənəvi aktiv olduğu Afrika regionunda da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bunlardan biri də məhz Konqodur.

Cavad İsmayılzadə Niyaməddin oğlu

Azərbaycan Dövlət Pedaqoji Universiteti