Balakənin Gərəkli kəndində quldurluq edən əmioğlular saxlanılıb.
DİN-dən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, martın 17-də saat 23 radələrində kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya oğurluq məqsədilə gəlmiş 2 nəfər şəxs mağaza sahibinin orada olduğunu bildikdə onu arxadan boğaraq bıçaqla xəsarət yetirmək istəyiblər. V.Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq həmin ərazidən uzaqlaşıblar.
Polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətmiş şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş 23 yaşlı Abdulla Abdullayev və 27 yaşlı Orxan Abdullayev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıb, törətdikləri cinayət əməlini etiraf ediblər.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.