Bu gün – 9 sentyabr İzmirin Qurtuluş Günüdür. Türkiyənin incisi hesab edilən İzmirin bu tarixi günü qardaş ölkədə – Azərbaycanda da qeyd edilir.
“Yeni Gündəm” xəbər verir ki, iki ölkə arasında mədəni, siyasi və iqtisadi əlaqələr ta keçmişə dayanır. Hazırda isə mədəni əlaqələri, davamlı olaraq ənənəvi şəkildə qeyd edən “Rənglərin qardaşlığı” kimi layihələrdir.
Belə ki, 4 il bundan öncə Azərbaycan və Türkiyə rəssamları bir araya gələrək sənət körpüsü qurmağı hədəflədi və “Rənglərin qardaşlığı” layihəsi həyata keçirildi.
Hər iki ölkədə böyük maraq doğuran layihənin kuratoru, Türkiyənin və Azərbaycanın tanınmış rəssamı Günay Zebiç (Mehdizadə) İzmirin Qurtuluş Gününü qeyd etdiyini və bu tarixi qələbənin qardaş ölkədə də təntənəli şəkildə keçirildiyini vurğuladı: “Bilirsiniz ki, bu zamana qədər Azərbaycan və Türkiyə arasında mədəni körpü rolunu oynayan bir çox layihələrimiz olub. Onların sırasında İzmir və Bakı da rəssamların görüşməsi, sənət mübadiləsinin aparılması mədəni aləmdə böyük əhəmiyyət kəsb edib. Türkiyə və Azərbaycan rəssamlarının qardaşlaşmış şəhərlər – Bakı və İzmirə həsr olunmuş əsərlərin nümayişi böyük maraq doğurmaqla yanaşı mədəni hadisə kimi qeyd edildi. Bu layihə indi də davam edir. Belə ki, təbiətin və həyatın rənglərini, cizgilərini özündə birləşdirən rəsm sənəti üzərindən Türkiyə və Azərbaycan arasında bir körpü qurulması həm dərin məna, həm də tarixi əhəmiyyət daşıyan bir addımdır. Bu addım davamlı və daimi olacaq. Bu yaxınlarda həmin layihə çərçivəsində yeni bir addımlar atılacaq. Sözügedən layihə ilə bağlı görüşlər keçirir, gələcək planları müzakirə edirik. Hesab edirəm ki, bu tip layihələrlə Bakı və İzmir arasında mədəni əlaqələr daha da möhkəmlənəcək”.
Qeyd edək ki, layihədə Türkiyə ilə Azərbaycanın tanınmış sənət adamları iştirak edib. Türkiyə və Azərbaycan rəssamlarının əl işlərindən ibarət “Rənglərin qardaşlığı” adlı rəsm sərgisinin açılışı oktyabrın 19-da Muzey Mərkəzində keçirilib. Açılışa hər iki ölkədən rəssamlar, ziyalılar, sənətsevərlər və media nümayəndələri qatılıblar. İzmir Balçova bələdiyyəsinin mədəniyyət evində sərgilənən əsərlər Türkiyədə də böyük maraq doğurub, qardaş ölkədə sözügedən layihənin kuratoru Xədicə Aydoğan layihənin davamlı olacağını bildirib.
Türkiyənin tanınan rəssamlarından Xədicə Aydoğan, Mahmut Durmuş, Turan Enginoğlu, Sema Barlaş, Serap Yalçın, Bedri Karadağmurlar, Reyhan Abacioğlu , Gündoğdu Uğraş, Müşevver Durmuş, faden Suzan Kudsioğlu “Rənglərin qardaşlığı”-nın əsas heyətində yer alıblar.
Xəyalə Rəis