“Təbliğat və təşviqat kampaniyası yaxşı gedir. İlk olaraq, mən seçicilərlə görüşlərə başlamışam. 13 saylı Xəzər ikinci seçki dairəsindən namizədəm. Görüşlərimiz Qala, Binə qəsəbələrində, Hövsan, Sütçülük sovxozunda keçirilib”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli Növbədənkənar Parlament seçkilərinə hazırlaşmasına münasibət bildirərkən deyib.
Partiya nümayəndəsi bildirib ki, seçkiylə bağlı posterlər hazırlanıb və yapışdırılıb, bükletlər çap etdiriləcək:
“Seçkiylə bağlı posterlərimiz də yapışdırılıb. Bir azdan bükletləri çap etdirəcəyik, onları da növbəti görüşlərimizdə seçicilərimizə paylayacayıq. Sadəcə bir istəyimiz ondan ibarətdir ki, məntəqələrin hamısı açıq olsun. Çünki təəssüflər olsun ki, bəzi məntəqələr saat 6-dan sonra bağlanır. Ən azı həmin seçki məntəqələrində qaravulçular olmalıdır. Bəzən seçicilərimiz işdən çıxandan sonra, yəni axşam saatlarında bizim posterlərimizi asmalı olurlar. Mən bu barədə namizədliyimi irəli sürdüyüm seçki dairəsinə öz iradımı bildirəcəyəm. İndiki vəziyyət üçün həmin seçki dairəsindən ən normal təbliğat aparan özümü görürəm”.
Ə. Məmmədli eyni dairədən rəqibi olan Gülşən Paşayeva haqda məlumatı olmadığını söyləyib:
“Mən siyasi cameədə ilk dəfə bu xanımın adına rastlayıram. Rəqibim olduğunu bildikdən sonra tanımışam. Konfliktoloqdur, “Tərəqqi” medalına layiq görülüb, lakin onu tanımamışam. Mən 18 yaşından siyasətlə məşğul olmağa başlamışam. Demək ki, həmin xanım siyasətdə o qədər də aktiv şəxslərdən biri olmayıb. Amma çox güman ki, onun mənim haqda məlumatı var. Biz hətta bəzi media subyektlərində oxuduq ki, müəyyən icra hakimiyyətləri, dövlət strukturları ona kömək edir, amma təbii ki, seçkilər tam demokratik keçəcəksə, fikrimcə, qalib də mən olacam. Bu həm özümə görə deyil, həm də partiyamızın populyarlığı, istər-istəməz partiya sədrinin nüfuzu, bütün bu faktları üst-üstə qoyduqda qalib gəlmək şansım yüksəkdir”.
Deputatlığa namizəd rəqibini debata çağırıb:
“Gülşən xanımı debata dəvət edirəm. Bəlkə mən onun haqda yanlış informasiyalar əldə etmişəm və yayıram”.