Rəssamlığa həvəsi olan gənclər üçün ustad dərsləri davam edirbackend

Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.

Yeni Gündəm xəbər verir ki, bu ay ilk dərs avqustun 4-ü Çingiz Babayevin iştirakı ilə “Eşq naxışları” mövzusunda olub.

Eyni zamanda, növbəti dərs avqustun 11-də Gülarə İsrafilovanın iştirakı ilə “Səyahət”, 18-də İrina Eldarovanın iştirakı ilə “Güllər” mövzusunda davam edəcək.

Avqust ayı ərzində sonuncu dərs 25-də Eliyar Əlimirzoyevin rəhbərliyi ilə “Rəssamın gözü” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

Ustad dərsləri ödənişsizdir.