“Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin açılışı olubbackend

“Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin açılışı olub.

Bu gün Beynəlxalq Muğam Mərkəzində Milli Olimpiya Komitəsi, Mədəniyyət Nazirliyi və İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondunun birgə təşkilatçılığı ilə “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin açılış mərasimi baş tutub.

“Yeni Gündəm” xəbər verir ki, açılış mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov və İtaliya MOK-nun vitse-prezidenti, “Culio Onesti” Fondunun idarə heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu Klaudia Cordani iştirak edib.

Anar Kərimov layihəyə Mədəniyyət Nazirliyi olaraq dəstək vermələrinin əsas səbəbini vurğulayıb: “Birincisi, bu il MOK-un 30 illik yubileyidir. MOK bu 30 ildə şərəfli və uğurlu bir yol keçib. Hansı ki sözügedən uğurların təməlində Ümummilli lider Heydər Əliyəvin fəaliyyəti və təşəbbüsü dayanır. İkincisi isə, idman və mədəniyyət daima bağlılıq və vəhdət halındadır. Bu da hər iki sahənin inkişafına təkan verən səbəblərdir”.

Sonra tədbirin mükafatlandırma hissəsi baş tutub.

Birinci yerə qayalara dırmanma kateqoriyasında Culia Kasu (Fransa), ikinci yerə karate kateqoriyasında Gökhan Taner (Türkiyə), üçüncü yerə isə həmyerlimiz Nəriman Babayevin “Gənc karateçilərin yarışın açılışında nümayiş etdikləri fənd hərəkətləri” kateqoriyasında layiq görülüb.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisi 6-16 aprel tarixlərində Beynəlxalq Muğam Mərkəzində nümayiş olunacaq.