Rusiya sərhədinə minalar qoyacaqlarbackend

Tramp Baltikyanı ölkələrini qorxudub: “Rusiya sərhədinə minalar qoyacaqlar”.

Ukrayna müharibəsi başlayandan ordularını ən müasir silahlarla təchiz edən Rusiyanın qonşuları Trampın NATO-ya qarşı təhdidləri səbəbindən ötən əsrin üsullarına əl atmaq qərarına gəliblər.

ABŞ-da 2024-cü ildə keçiriləcək seçkilərdə respublikaçıların güclü namizədi Donald Trampın “Rusiyanı NATO ərazisinə hücuma sövq edə biləcəyi” ilə hədələməsi və Ukrayna müharibəsinin cəbhədəki mənfi mənzərəsi Rusiyanın qonşu dövlətlərini axtarışa sövq edib.

Amerikalı “The Washington Post” yazıb ki, Baltikyanı ölkələr sərhəd təhlükəsizliyi üçün “ucuz və ənənəvi döyüş texnologiyalarını, məsələn, quru minalarını” nəzərdən keçirməyə başlayıblar.

Avropanın ortasında 2 ildir davam edən Ukrayna müharibəsi F-35 döyüş təyyarələri kimi qabaqcıl texnologiya silahlarına tələbatı artırsa da, Avropa dövlətləri bu müharibənin “NATO ərazisinin necə müdafiə olunmasına dair fərziyyələri kökündən sarsıtdığını düşünür”. Üç Baltikyanı ölkə olan Litva, Latviya və Estoniyanın rəsmiləri bu yaxınlarda sərhədlərini qorumaq üçün “piyada əleyhinə minaları qadağan edən” Ottova müqaviləsindən çıxıb-çıxmamaq barədə danışıqlar aparıblar. Hökumətlər hələlik müqavilədən çəkilməmək qərarına gəlsələr də, mülki insanlar üçün daha az təhlükəli olan tank əleyhinə minalar kimi silah-sursata sərmayə qoymağı gündəmlərinə qoyublar.

Bu kontekstdə Latviya, Litva və Estoniyanın müdafiə nazirləri “Baltikyanı Müdafiə Xətti” adlı koordinasiyalı sığınacaq və istehkamlar sistemi qurmaq barədə razılığa gəliblər. Razılaşmaya uyğun olaraq sərhədlərdə hərbi maşınların keçməsinin qarşısını almaq üçün sensorların yerləşdirilməsi planlaşdırılır. Bundan əlavə, Rusiyanın sərhədlərə qoşun yeridəcəyi təqdirdə istifadə oluna biləcək uzaqdan partladılmış tank əleyhinə minalara investisiyalar qoyulacaq. Plan hazırlanarkən Rusiyanın işğalı altında olan Şərqi Ukraynanın müdafiə xətlərinin strukturu nəzərə alınıb. Rusiyanın yerləşdirdiyi minaları təmizləməyə çalışarkən pilotsuz təyyarələrin hücumlarına və artilleriya atəşinə məruz qalan Ukrayna qüvvələri böyük hərbi itkilər verir.

-Rusiya ilə həmsərhəd olan Baltikyanı ölkələr də NATO-nun üzvüdür. Bu, mümkün hücum halında Alyansın 5-ci maddəyə uyğun olaraq onlara kömək edəcəyini təmin edir. Lakin 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdə Respublikaçıların aparıcı namizədi Donald Trampın qalib gəlmə ehtimalı bu ölkələri “özbaşına müqavimət göstərmək imkanları” üzərində düşünməyə vadar edir. Seçki mitinqində Tramp deyib ki, o, “Rusiyanı NATO üzvlüyünün maliyyə əvəzini ödəməyən ölkələrə hücum etməyə təşviq edə bilər”.

QADAĞANIN SƏBƏBİ NƏDİR?

-1999-cu ildə 133 ölkə tərəfindən imzalanmış Ottova Müqaviləsi “piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsini” qadağan edir. Rusiya və ABŞ tank əleyhinə minaları əhatə etməyən sazişin tərəfləri deyil. Ucuz və istifadəsi asan sərhəd mühafizəsini təmin edən piyada əleyhinə minalar bir dəfə yerləşdirildikdən sonra müharibə bitdikdən onilliklər sonra təhlükə yarada bilər. Quru Minalar və Kasset Sursatları Rəsədxanasının məlumatına görə, 2022-ci ildə I və II Dünya Müharibəsindən qalan minalara görə gündə ən azı 12 mülki şəxs həlak olacaq. Onların çoxu uşaqlar və ya fermerlər idi. Hələlik heç bir ölkə Ottava sazişindən çıxmağı planlaşdırmır. Latviyanın müdafiə naziri Spruds deyib ki, “mülki əhali üçün risk və beynəlxalq reaksiya ilə üzləşmə ehtimalı səbəbindən sazişdə qalmaq daha sərfəli görünür”.

Mənbə: hurriyyət.tr

Aynur Camal