Sabirabad RMX hansı ölkənin qayda-qanununun işlədiyi məlum deyil.- RMX həmkarlar təşkilatının rəhbəri Elnur Əzizovbackend

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin AHİK-in bu ayın sonunda keçiriləcək növbədənkənar qurultayda istefa verəcəyi deyilir.
Çünki fəaliyyətinə göz qoyulub, ciddi araşdırılır. Bu da üzüsulu aradan çıxmaq istəyir. İllərlə milyonları həzm et, indi də heç nə olmamış kimi aradan çıx.
Yaxşıdı vallah. Hələ iş Səttar müəllimlə yekunlaşsa idi dərd yarı idi. Yerlərdəki “meskom”ları da “at oynadırlar”. Nə hikmətdirsə, onlara da “gözünün üstə qaşın var” deyən tapılmır.
Bəlkə cənab Möhbalıyevin mövqeyi laxlayandan sonra kimsə cürət edə biləcək. Hələki kefləri istədikləri kimi gəzib dolanırlar. Məsələn, Sabirabad rayonunu misal çəkim. Bir neçə dəfə də yazmışam.
Yenə təkrar edirəm. Sabirabad Rayon Mərkəzi Xəstəxanasında hansı ölkənin qayda-qanununun işlədiyi məlum deyil. RMX həmkarlar təşkilatının rəhbəri Elnur Əzizov xəstəxanada Səttar Möhbalıyevin balaca bir obrazını yaradıb.
Elnur Əzizov “dərə xəlvət, tülkü bəy” deyərək özünə əməllicə güzəran yaradıb. Qiyməti üçrəqəmli məbləğdə olan avtomobil, Sabirabadda daşınmaz əmlakları, rayonda və Bakıda evlər, mənzillər, villalar, obyektlər, balıq gölləri və s.
Əgər Səttar müəllim milyonlar yeyirdisə, bu da minlər, yüz minlər yeyir. Hələ milyonlara əli çatmayıb. Möhbalıyev kimi oliqarxların yanında balacadı axı. Hələ böyüməlidi. Böyümək üçün də deyilənlərə görə 50 min manatını ayırıb ki, Sabirabad RMX-nin baş həkimi kreslosunu alsın.
Baş həkim vəzifəsi sanki hərraca çıxarılıb. Saxta əlillik təyinatı ilə məşğul olan onkoloq Elnur Əzizov Sabirabad RMX-nin direktoru Həsən Hüseynovun vasitəsilə razılıqları alıb.
Keçmiş baş həkim İkram Allahverdiyevin işdən azad edilmək haqqında ərizə verməsə də TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş İkram doktorun işinə xitam verilib.
Bir daha qeyd edirəm. Məsələ ilə əlaqədar TƏBİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova mənimlə əlaqə saxlayıb bildirdi ki, Sabirabad RMX baş həkimi işdən çıxarılmayıb.
Amma İkram müəllimin rəsmi şəkildə işdən azad edildiyi və bununla bağlı müvafiq əmrin verildiyi məlum oldu. Bundan sonra Zamirə xanım məzuniyyətə çıxdığına görə açıqlama ala bilməmişəm.
Məsələnin həmkarlar tərəfini bir tərəfə qoyaq. İndi orada nələr baş verdiyini heç özləri də bilmirlər. Qurultaydan sonra bəlkə nəsə dəyişər.
Amma TƏBİB də öhdəsinə düşəni etmir. Ay TƏBİBİ-in hörmətli böyüyü Vüqar müəllim, xahiş edirəm, hərdən mediada rəhbərlik etdiyiniz təşkilat haqqında yazılanları oxuyun, deyilənlərə qulaq asın.
Dövlət başçımız hər zaman deyir ki, media cəmiyyətin güzgüsüdür, neqativ hadisələr barədə siqnal vermələri çox vacibdir.
Cənab Prezident belə dediyi halda məmurların öz əməllərində faktiki olaraq onun tövsiyələrinin, tapşırıqlarının əksinə getməsini necə başa düşək?