Şagirdlər arasında astronomiya olimpiadası keçiriləcəkbackend

Mayın 7-də Bakı Dövlət Universitetində ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş III Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsidir. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il avqustun 10-20-də Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası və XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan “Tusi-Bohm Planetarium”un dəstəyi ilə həyata keçirilir.

Olimpiadada iştirak etmək istəyənlər mayın 3-ü saat 23:59-a qədər qeydiyyatdan keçə bilərlər.