Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərova bacılarının Vətən müharibəsində qazanılan Şanlı Zəfərə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi açılıb.
“Yeni Gündəm” xəbər verir ki, Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının, Ağdam Rayon İcra Hakimiyyətinin, Ağdam rayon Heydər Əliyev Mərkəzinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Elnurə və Aygün İsgəndərovaların dekorativ-tətbiqi sənət nümunələrindən ibarət 50-yə yaxın əsəri nümayiş etdirilib.
Ayşən Rəhim
Şəhid ailələri, media nümayəndələri, mədəniyyət işçiləri dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi ilə, eləcə də Ağdam Rayon Tarix-Diyarşünaslıq və Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeylərinin eksponatları ilə də tanış olublar.
Sonra Heydər Əliyev Mərkəzində şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Asif (FRED) Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov “GALERA” Sənət Mərkəzinin direktoru Mansur Əsgərli, Qızıl Aypara cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev, AJB-nin üzvü, XeberTıme.Az saytının rəhbəri Yeganə Telmanqızı çıxış edərək, Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən danışıb, bu zəfərə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət yaradıcılıq sərgisini yüksək qiymətləndiriblər.
Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərova bacıları sərginin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid analarına diplom və hədiyyələr təqdim olunub.
Rəssam Aygün İsgəndərova bildirib ki, fərdi yaradıcılıq sərgisi şəhid anaları və media nümayəndələri üçün nəzərdə tutulub: “Sərgidə tətbiqi sənətin müxtəlif növlərinə aid nümunələr nümayiş olunur. Vətən müharibəsində qazanılan zəfərdən sonra Ağdam Rayon Heydər Əliyev Mərkəzində belə bir sərginin keçirilməsi çox əlamətdardır”.
Xalq rəssamı Arif Hüseynov isə qeyd edib ki, sərginin Qarabağda, Ağdamda keçirilməsi rəmzi xarakter daşıyır. “İstərdim ki, Azərbaycan rəssamları respublikamızın regionlarında fərdi sərgilərini açsınlar. Bugünkü sərgini çox yüksək qiymətləndirir, Elnurə və Aygün İsgəndərova bacılarına uğurlar arzulayıram”, – deyə o əlavə edib.