Saxta avro panikası: Minlərlə sikkə dövriyyədədirbackend

Balkan ölkəsi Kosovo son vaxtlar ölkədə saxta avro sikkələrinin artması səbəbindən ciddi problemlər yaşayır. Kosovo polisi saxta pulların ölkəyə daxil olmasının qarşısını almaq üçün çoxlu əməliyyatlar təşkil edir.

Dövlət əsasən Kosovoda sosial media platformalarında açılan hesablar vasitəsilə çıxarılan saxta pullara qarşı tədbir görüb. Sözügedən sikkələr real dəyərinin təxminən yarısına alıcı tapır. Sikkələrin həqiqiliyinin yoxlanılmasından məsul olan Kosovo Ədli Tibb Təşkilatının eksperti Nadire İbrahimi verdiyi açıqlamada, son illərdə görünməyə başlayan saxta sikkələrdə ən böyük artımın bu il yaşandığını bildirib.

Bu il qurum olaraq tədqiq etdikləri avro sikkələrin yüzdə doxsandan çoxunun saxta olduğunu ifadə edən İbrahimi, “Cəmi yoxlanılmağa gələn 38 min 137 saxta sikkədən 36 min 269-nun 2 avro olduğu təsbit edildi, 1832-si 1 avro idi və yalnız 36-sı 50 sent idi” deyib.

İbrahimi saxta sikkənin tünd rəngi, deformasiyası və maqnitə daha güclü yapışması ilə əslindən asanlıqla fərqləndirilə bildiyinə də diqqət çəkib. Ölkədəki əksər müəssisələr 2 avroluq sikkələri, xüsusən də sikkələri qəbul etmir. Bəzi müəssisələr saxta pulları real puldan ayırmaq üçün müxtəlif üsullardan da istifadə edirlər.

Paytaxt Priştinada ofisiant işləyən Arti sikkələri yoxlamaq üçün bəzən maqnitdən istifadə etdiklərini, lakin saxta ilə realdan ayırd etməyin demək olar ki, mümkün olmadığını bildirib. Kosovo polisi saxta pulların ölkəyə daxil olmasının qarşısını almaq üçün çoxlu əməliyyatlar təşkil etmişdi. Noyabrın 29-da keçirilən əməliyyat zamanı Şimali Makedoniyadan Kosovoya təxminən 85 min avroluq saxta sikkə gətirən 6 nəfər tutulub.

Kosovo Mərkəzi Bankı avro sikkələrinin artıq biznes qurumları tərəfindən qəbul edilməməsindən sonra bəyanat yayıb və istisnasız olaraq avro ilə olan bütün əskinas və sikkələrin etibarlı ödəniş vasitəsi olduğunu bildirib.

Mənbə: TGRT

Aynur Camal