Seçki günü 51 “terror aktı” həyata keçirildibackend

Pakistanda insanlar seçki üçün sandıq başına gedib. Seçki günü çoxlu atışma hadisələri də olub. Pakistan ordusu seçki günü 51 “terror aktı”nın həyata keçirildiyini, onların əksəriyyətinin Xayber Paxtunxva və Bəlucistan əyalətlərində olduğunu bildirib.

Açıqlamada, bu hücumlarda 10-u mühafizəçi, 2-si mülki olmaqla, ümumilikdə 12 nəfərin həyatını itirdiyi, 39 mühafizəçinin yaralandığı bildirilib.

Açıqlamada qarşıdurmalarda 5 “terrorçu”nun zərərsizləşdirildiyi bildirilib və bir çox potensial təhlükənin qarşısı alındığı vurğulanıb.

Bundan əlavə, 6 minə yaxın həssas səsvermə məntəqəsində seçkilərin təhlükəsizliyini təmin etmək üçün 137 min əsgər və hərbiləşdirilmiş birləşmənin, 7 min 800 çevik reaksiya qüvvəsinin təyin edildiyi qeyd edilib.

Pakistanda 5 il qanunverici orqan funksiyasını yerinə yetirəcək Pakistan Milli Assambleyası (NA) və əyalət məclislərinin seçkiləri üçün yerli vaxtla saat 08.00-da başlayan səsvermə saat 17.00-da başa çatıb.

Mənbə: EnSonHaber

Aynur Camal