Sərhəddə Pakistan və Əlcəzair vətəndaşları saxlanıldı – Fotobackend

Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb.

“Yeni Gundem”in Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, sərhəd pozucusunun Biləsuvar rayonu Zəhmətabad kənd sakini Dadaşlı Pərvin Ziyafət oğlu olması məlum olunub. İlkin araşdırma zamanı onun 20 dekabr tarixində dövlət sərhədini Azərbaycan-İran istiqamətində pozması müəyyən edilib.

Dakabrın 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Xaçmaz rayonunun Zeyxuroba kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Pakistan vətəndaşı 1991-ci il təvəllüdlü Əli Yasif Pakistani olması müəyyən edilib.

Dekabrın 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Mazımçay kəndi yaxınlı­ğındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Əlcəzair vətəndaşı 1986-cı il təvəllüdlü Muhəmməd Şərif olması müəyyən edilib.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.