“Sərhəddə toqquşma gözlənilən idi və bu son deyil” – POLİTOLOQbackend

Sərhəddə toqquşma gözlənilən idi və düşünürəm ki, bu, son deyil.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Aqşin Kərimov bildirib.

Politoloq açıqlayıb ki, İran Azərbaycanla Ermənistan arasındakı münaqişənin olmasında maraqlıdır və bu işdə öz xəttini daha çox Fransaya yaxınlaşdırır.

“Ermənistan Azərbaycanın sərhədlərin delimitasiyasına dair təqdim etdiyi xəritələrlə razılaşmır. Avropa İttifaqı Missiyasının Ermənistandakı fəaliyyəti, üstəgəl son zamanlar Rusiyadan yan keçən Orta Dəhlizlə bağlı müzakirələrin genişlənməsi Moskvanı qıcıqlandırırdı. İran Azərbaycanla Ermənistan arasındakı münaqişənin olmasında maraqlıdır və bu işdə öz xəttini daha çox Fransaya yaxınlaşdırır”,- o dedi.

A.Kərimov hesab edir ki, Azərbaycanla ABŞ arasında regional təhlükəsizliklə bağlı müzakirələrin hərbi aspektləri masada diskussiya predmetidir.

“Rusiya Ermənistanı cəzalandırmaq üçün ona sərhəddən “silah tuşlanmasında” maraqlıdır. Bunlar ümumi olaraq sərhəddəki vəziyyəti körükləşdirən səbəblərdir. Aprelin 11-də baş verən toqquşmanın hərbi səbəblərini bir kənara qoysaq, siyasi məzmunlu tərəfləri sadaladığım faktorlarla bağlı ola bilər. Düşüncəmə görə, sərhəddə mahiyyətcə geniş, vaxt baxımından isə dar miqyaslı əməliyyatların davamı gələcək. Çünki sərhədlərin müəyyən edilməsi prosesi çətindir, üstəgəl Ermənistan danışıqlar prosesindən yayınırsa və öz köhnə adət-ənənəsində qalırsa, hərbi güc tətbiqi qaçılmaz olur”,- deyə o qeyd edib.

Fərahim Rəhimov