Sərhədlərimizin mühafizəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti danılmazdır – ÖZƏLbackend

Hər kəsə məlumdur ki, ölkənin sərhəd mühafizəsi dövlətimiz və xalqımızın təhlükəsizliyinin qorunması üçün olduqca əhəmiyyətlidir. Bu baxımdan sərhədlərimizin mühafizəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti danılmazdır.

Ölkə başçısı İlham Əliyevin Ali Baş Komandanlığı altında həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılıb. Təbii ki, dövlət sərhədlərinin etibarlı mühafizəsi sərhədçilərin peşəkarlığından, hərbi hissələrin və bölmələrin təcrübəli heyətlə komplektləşməsindən asılıdır. Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində böyük rol oynayan taktiki təlimlərin keçirilməsi isə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət edir. Unutmaq olmaz ki, torpaqlarımızın erməni təcavüzündən müdafiəsində, müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında, dövlət təhlükəsizliyinin təmin edilməsində sərhədçilərimizin fəaliyyəti əvəzolunmazdır.

Deputat Naqif Həmzəyev  “Yeni Gundem”-ə açıqlamasında bildirib ki, Azərbaycan silahlı qüvvələrinin, xüsusən də 44 günlük Vətən Müharibəsindən sonrakı nüfuzun artması DSX-nın məsuliyyətini daha da artırıb:

“Azərbaycan silahlı qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpasında və torpaqlarımızın geri qaytarılmasında birbaşa iştirak etdilər. Təbii ki, bu proseslər zamanı Dövlət Sərhəd Xidmətinin də əvəzsiz xidmətləri var. DSX mühafizənin yüksək səviyyədə təşkil edilməsi, yeni mühafizə həddlərinin qurulması, qaçaqmalçılığa qarşı mübarizə, ölkə sərhədlərinin qorunması kimi çox məsuliyyətli və ağır işlərin həyata keçirilməsi zamanı milli-mənəvi dəyərlərimizi də unutmur. Həmçinin hərbi qulluqçuların psixoloji vəziyyətinin mütəmadi olaraq nəzarətdə saxlanması, hərbi xidmət zamanı gənclərimizin bilik və bacarıqlarının artırılması, döyüş və sülh şəraitində müvafiq tapşırıqların uğurla yerinə yetirilməsi çox mühüm addımdır. Bundan başqa, peşəkar hərbçilər də sərhəd xidmətində və silahlı qüvvələrin digər istiqamətlərində bir növ Azərbaycan adına xidmət edir, ölkəmizi layiqincə təmsil edirlər. Bu gün ölkəmizin daha peşəkar və istənilən şəraitə uyğun olan hərbçiləri var. Hərbçilərimiz Azərbaycan övladları olaraq öz xidmətlərini layiqincə yerinə yetirirlər”.

DSX-nin fəaliyyətini şərh edən siyasi şərhçi Azər Həsrət “Yeni Gundem”-ə açıqlamasında bildirib ki, sərhədçilərimiz öz vəzifələrindən öhdəsindən layiqincə gəlirlər:

“Dövlət Sərhəd Xidməti ölkəmizin ən vacib və bir nömrəli sərhəd mühafizə xidmətidir. DSX-nın xüsusən də işğaldan azad olunmuş torpaqlarda aparılan xidməti mümkün qədər yaxından izləyirəm. Ona görə də deyə bilərəm ki, Dövlət Sərhəd Xidməti olduqca yüksək peşəkarlıq və vicdanla öz vəzifələrini yerinə yetirir. Digər istiqamət isə İran İslam Respublikası ilə olan sərhədimizlə bağlı sərhədçilərimizin quşun belə uçuşuna nəzarət etməsidir. Belə ki, kütləvi informasiya vasitələrində İrandan Azərbaycana narkotik qaçaqmalçılığı ilə bağlı xəbərlərə sıx şəkildə rast gəlinir. DSX-nın ayıq-sayıqlığı nəticəsində İran sözügedən zəhəri ölkəmizə istədiyi qədər yaya bilmir. Bu fəaliyyət millətimiz və dövlətimiz üçün çox böyük xidmətdir. Bundan başqa, Rusiya və Gürcüstanla sərhədimiz də vurğulanmalıdır. Ən həyəcanlı sərhədimiz isə Ermənistanla olan sərhəddir. Ümumilikdə sərhədçilərimiz İran və Ermənistanla sərhəddə yetərincə çevikdirlər və ölkənin sərhədlərini peşəkar səviyyədə qoruyurlar”.

Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov isə saytımıza açıqlamasında vurğulayıb ki, DSX-da gənc generallarımızın olması gənclərə verilən töhfə kimi dəyərləndirilə bilər. Bu, xüsusilə önəmlidir:

“Dövlət Sərhəd Xidməti yarandığı vaxtdan bu günə qədər ölkəmizin hansı sərhədində xidmət göstəribsə, kifayət qədər nizam-intizamlı və Vətənin təhlükəsizliyini təmin edəcək səviyyədə peşəkarlıq sərgiləyib. Vətənin təhlükəsizliyinin hər an təmin edilməsi dövlətin ən prioritet məsələlərindən biridir. DSX bu vəzifəni yüksək səviyyədə həyata keçirir. Bu xidməti həyata keçirmək isə öncəliklə ailədən başlayan tərbiyədən, Vətənə sevginin aşılanması prosesindən ibarətdir. Daha sonra proses orta məktəblərdə, DSX-nın Akademiyasında davam etdirilir. Burada yetişən zabitlərimiz, hərbçilərimiz dövlətin təhlükəsizliyinin təmin olunması və sərhədlərin tam əmin əllərdə olmasını həyata keçirmək üçün lazımi addımların atıldığını nümayiş etdirirlər. DSX-da xidmət keçən hərbçilərin geyimi, ərzaq təminatı, eyni zamanda nizam-intizamın qorunması ölkəmizdə yetişən gənclərin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərməkdədir.

Nəzərə almaq lazımdır ki, yerləşdiyimiz coğrafiya elə də asan deyil. Belə ki, qonşu dövlətlər vasitəsilə narkotik qaçaqmalçılığının yayılması mümkün ola bilir. Lakin DSX-nın fəaliyyətindən açıq şəkildə görünür ki, bu vəziyyətin qarşısını almaq üçün müvafiq addımlar atılır. DSX-nın quru sərhədlərlə yanaşı, dəniz xidməti də mövcuddur. Bu baxımdan hava limanlarının qorunmasına da ciddi nəzarət olunur. Ümumilikdə DSX-nın fəaliyyətini yüksək qiymətləndirmək olar”.