Sevinc Fətəliyeva: Dövlətimiz Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirirbackend

Ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı da bu məqamları xüsusi vurğulayıb.

Bu fikirləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etməklə tövsif olunur. Bundan başqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək də bu beynəlxalq qurumun əsas məqsədləri sırasında yer alır.

Eləcə də Qoşulmama Hərəkatı böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək, digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalətə və beynəlxalq öhdəliklərə hörmətlə yanaşmaq kimi prinsipləri özünün əsas meyarları hesab edir.
2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçildikdən sonra Azərbaycanın təşkilatın işində daim fəal iştirak etdiyini diqqətə çatdıran deputatın sözlərinə görə, məhz bu fəallığın nəticəsidir ki, Azərbaycan Respublikası 2019-cu ilin 25-26 oktyabrında Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi edib. BMT-nin 120 üzv dövlətinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub. Qoşulmama Hərəkatının Sədri İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirib. Dövlətimizin başçısı Azərbaycanın sədrlik dövründə Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd edib. Dövlətimiz Qoşulmama Hərəkatının sədri kimi öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.
Qoşulmama Hərəkatının Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın həyata keçirdiyi işğalçılıq siyasətinin ifşa olunmasında rolunu xüsusi vurğulayan S.Fətəliyeva deyib: “Azərbaycan təşkilatın üzvü kimi həyata keçirdiyi fəal diplomatiya sayəsində Qoşulmama Hərəkatı dəfələrlə Ermənistanın işğalçılıq siyasətini pisləyən sənədlər qəbul edib. Biz 44 günlük Vətən müharibəsində də bu dəstəyi aydın şəkildə hiss etdik. Belə ki, müharibənin davam etdiyi günlərdə – 2020-ci il 29 sentyabr və 19 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr keçirilib. Oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransa tərəfindən bəyanatın layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb, lakin bəyanat layihəsində Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş məlum 4 qətnamələrinə istinad öz əksini tapmamışdı. Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə – İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin layihəyə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinadın daxil edilməsini təklif edib, lakin həmsədr ölkələr tərəfindən bu qəbul olunmayıb”.
Deputat qeyd edib ki, həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, Qoşulmama Hərəkatına üzv ölkələr prinsipial mövqe nümayiş etdirərək Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın yer almasında təkid edərək BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdirdi və nəticədə adı çəkilən bəyanat layihəsi rəsmən geri götürüldü. Azərbaycan dövləti və xalqı bu dəstəyi çox yüksək qiymətləndirdi. Bütün bunlar onu göstərir ki, Qoşulmama Hərəkatında böyük həmrəylik var və Azərbaycan bundan sonra da özünün xarici siyasətində Qoşulmama Hərəkatına xüsusi önəm verəcək.
S.Fətəliyeva diqqətə çatdırıb ki, 2021-ci ildə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş ediblər. Azərbaycan da öz növbəsində bu təklifi qəbul edib. Nəticədə Qoşulmama Hərəkatının bu ilin iyulun 13-14-də xarici işlər nazirlərinin onlayn formatda baş tutan Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha bir il, yəni 2023-cü ilə qədər uzadılması haqqında qərar veriblər. Hərəkat üzvləri tərəfindən belə qərarın verilməsi təsadüfi deyil və bu, Qoşulmama Hərəkatı üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür. Bu qərar Hərəkat üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.