“Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik ediləcək”-Deputatbackend

Xəbər verdiyimiz kimi, dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Komitənin sədri Musa Quliyev gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.

Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Gundem”-ə açıqlama verib.

Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, 1-ci məsələ olan Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması, eləcə də dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarının təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

“Dəyişikliklər cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas hədəflərindən biri olan “Qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi” tələbindən irəli gəlir”.

O, vurğulayıb ki, layihədə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin də müvafiq sertifikatlaşdırmadan keçirilməsinin təklif olunub.

“Gündəliyin ikinci məsələsi olan “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) AMEA-nın bəzi elmi müəssisə və təşkilatlarının, habelə digər qurumların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı hazırlanıb. Layihədə komitənin müzakirəsinə təqdim olunan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsinin təhsil müəssisələri sırasından çıxarılır”.

M.Quliyev qeyd edib ki, 3-cü məsələ “Sosial müavinətlər haqqında ” Qanunda dəyişiklik edilməsi ilə bağlıdır.

“Sənəddə Ailə Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq 2 yeni müavinət növünün – himayədar ailəyə verilmiş uşağın tərbiyə edilməsinə görə aylıq müavinət və həmin uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinət növü təsis edilməsini nəzərdə tutulur. Nəhayət, “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də Ailə Məcəlləsinə edilən dəyişiklikdən irəli gələrək, qanunun 17.1-ci maddəsindən “himayədar ailə” sözlərinin çıxarılması təklif olunub”,-deyə qeyd edib.

Fərahim Rəhimov