İraq və Suriyada ABŞ bazaları hədəfə alınmaqda davam edir. Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Koniko və Ömər qaz yataqlarına hücum edilib.
ABŞ qüvvələrinin yerləşdiyi Koniko və Ömər qaz yataqlarına mənşəyi məlum olmayan silahlı pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edilib. Hücumlar zamanı qaz yatağında hər hansı itki olub-olmadığı hələlik məlum deyil. Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı YPG/PKK-nın, əyalət mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarəti altındadır.
Oktyabrın 19-da İranın dövlət televiziyası İsrailin Qəzzaya hücumları dayandırılmasa, Tehranın “müqavimət qüvvələri” adlandırdığı bölgədəki müttəfiqlərinin hücumuna məruz qala biləcəyini izah edən reportaj yayımlayıb. Video xəbərlərdə İsrailin şimaldan Hizbullah, şərqdən İraq və Suriyadakı milis qüvvələri, cənubdan isə Yəməndə husilər tərəfindən raket və pilotsuz uçuş aparatları ilə eyni vaxtda hədəf alınacağı xəritədə göstərilib.
İran İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün dəfələrlə ən yüksək səviyyədə çağırış edib. Oktyabrın 17-də İran lideri Ayətullah Əli Xamenei çıxışında İsrailin hücumlarının davam edəcəyi təqdirdə “müqavimət qüvvələrinin” hərəkətə keçəcəyini bildirib.
Oktyabrın 19-da xarici işlər naziri Hüseyn Əmir Abdullahian da açıqlamasında münaqişənin bölgəyə sıçrama ehtimalını dilə gətirib. Livan Hizbullahı Suriya və İraqda dəstəklədiyi milisləri və Yəməndəki Husiləri “müqavimət qüvvələri” adlandırır.
Mənbə: TGRT
Aynur Camal