Şuşa Bəyannaməsi Türkiyə ilə birgə iqtisadi layihələrin  geosiyasi əhəmiyyətini daha da artıracaqdırbackend

Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Şuşa Bəyannaməsi, şübhəsiz, iki qardaş ölkənin iqtisadi münasibətlərini daha da dərinləşdirəcəkdir. İkitərəfli iqtisadi münasibətlərdə qarşılıqlı investisiyalar və ikitərəfli ticarət həcmi müstəqilliyin ilk illərinə nisbətən xeyli yüksəlmişdir və burada ciddi bir artımdan danışmaq mümkündür.

Türkiyənin Azərbaycanda qeyri-neft sektoruna, Azərbaycanın isə qardaş ölkənin enerji sektorundakı investisiyaları iki ölkənin rəsmiləri tərəfindən həmişə xüsusi vurğulanmışdır.

Bəyannamədə öz əksini tapmış Zəngəzur dəhlizinin açılması ilə iki ölkə arasında bu sahəsdəki iqtisadi əlaqələr xüsusilə yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı), Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövründə Azəri-Çıraq-Günəşli neft yataqlarının emalını nəzərdə tutan Əsrin Müqaviləsində 6,75% ilə təmsil olunmuşdur. Son olan məlumatlara görə, TPAO Azərbaycanda 3 kəşfiyyat, araştırma, hasilat layihəsi və 2 boru kəməri layihəsində tərəfdaşdır. Belə ki, Azəri-Çıraq-Günəşli yataqlarının tammiqyaslı işlənilməsi layihəsində 6,8 faizlik, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsində 9 fazilik, “Araz-Alov-Şərq”də TPAO-nun 10 faizlik payı vardır. Əlavə olaraq, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri layihəsində 6,53 faizlik və “Şahdəniz” yatağından hasil edilən təbii qazın Cənubi Qafqaz qaz boru kəməri ilə Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə ötürülməsi layihəsində 9 faizlik paya sahibdir. Burada digər bir vacib məqam odur ki, qeyd etdiyim boru kəmərləri ilə yalnız ölkəmizin nefti və təbii qazı yox, eyni zamanda Xəzər dənizinin şərq sahilindəki ölkələrin neft və təbii qazı Xəzər dənizi vasitəsilə Azərbaycana, ardınca Türkiyəyə, oradan da üçüncü ölkələrə nəql edilərək böyük iqtisadi əhəmiyyətə malikdir.

Türkiyə və Azərbaycan həm də, iki böyük xarici ticarət tərəfdaşlarıdır. İki ölkə arasındakı ticarət həcmi artan templə yüksəlmiş, 1992-ci ildə 200 milyon dollar olan bu rəqəm, 2020-cı ildə təxminən 4.1 milyard dollara qədər artmışdır. Cari ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac icmalına nəzər salsaq, 216.2 milyon ABŞ dolları ilə Türkiyənin birinci yerdə olduğunu və 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstəricinin 77% yüksəldiyini müşahidə edə bilərik. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bu rəqəmlərin daha da yüksəlməsi gözlənilir.

2019-cu ilin dekabrında Prezident İlham Əliyev, Türkiyənin Ticarət Naziri Ruhsar Pekcanın qəbulu zamanı verdiyi açıqlamada 2019-cu il etibarı ilə Azərbaycanın Türkiyəyə 17 milyard dollardan çox sərmayə qoyduğunu və Türkiyənin ölkəmizə 12 milyard dollardan çox sərmayə qoyduğunu bildirmişdir. Eyni zamanda SOCAR-ın yeni investisiya layihələri ilə Azərbaycanın Türkiyədəki investisiyalarının 20 milyard dollara çatacağını vurğulamışdır.

Son olaraq, 44 günlük möhtəşəm qələbəmiz ilə işğaldan azad olan bölgələrin yenidən qurulmasında artıq çox sayda Türk şirkətləri ilə müqavilələr imzalanmış və layihələrə start verilmişdir. Eyni zamanda, Bəyannamədə hərbi tərəfdaşlıqla yanaşı, iqtisadi münasibətlərin inkişafının dəfələrlə qeyd olunması, Qarabağa qoyulan investisiyaların artacağını özündə əks etdirir. Bəyannamənin Şuşada imzalanması isə işğaldan azad olan bölgələrdəki investisiya mühitinə əlavə bir qarant kimi nəzərə alınmalıdır. Bu isə öz növbəsində xarici investorlar üçün daha təhlükəsiz bir biznes mühiti anlamına gəlir.

Amin Tağıyev,

Qərbi Azərbaycan İcmasının

iqtisadi məsələlər üzrə eksperti