Tarix boyu silsilə keşməkeşlər yaşamış, zəngin milli mənəvi dəyərlərə malik olan xalqımız Vətən yolunda, torpaq yolunda canını fəda edən oğullar yetirmişdir. Müstəqillik uğrunda ailəsi ilə birlikdə şəhid olan Cavad Xandan üzü bəri Mübariz İbrahimov kimi igidlərimiz yetişməkdədir. Mənfur düşmənlərimiz, xain qonşularımız tərəfindən işğal edilmiş torpaqlarımızın, əsir düşmüş qız-gəlinlərimizin azadlığı uğrunda canını fəda edənlərdən biri də məlum Aprel döyüşlərində şəhid olmuş Elmdar Səfərovdur.
Bayağı şouların qulaq batıran küylərindən kənara çəkilib qəhrəman bir şəhid balamız haqqında istedadlı gənc yazar Tural İrfanın yazmış olduğu “Eşqin şəhidi” romanı, bu mövzulara həvəssiz önəm verildiyi bir zamanda gəncliyin vətənpərvər ruhda yetişməsi, şəhidlərin təbliği naminə böyük önəm daşıyır.
Həcmcə kiçik olsa da, ehtiva etdiyi məna, ideya, millilik və folklor nümunələrimizin dəsti-xətti ilə yazılması və digər yüksək məziyyətləri baxımından bu roman böyük dəyərə malikdir. O taylı, bu taylı Vətənimizin qovuşmaq arzusundan, milli niskillərimizdən, tarixi faciələrimizdən bəhs edən gənc yazar Qarabağ dərdimizdən bəhs etməklə yanaşı, Aprel döyüşlərinin işığında, bir şəhidin timsalında ümummilli problemlərimizi obrazlı şəkildə işıqlandırmışdır.
“Araz ayırır, Xudafərin qovuşdurur, övladlarınızın adını Xudafərin qoyun…” deyən yazar ikiyə ayrılmış Vətəni, bir-birinə buta verilmiş iki gəncin, yurdundan – Qarabağdan didərgin edilmiş Xudafərinin və bir- birini real həyatda görmək nəsib olmayaraq bu torpaq uğrunda şəhid olmuş Elmdarın obrazları ilə tərənnüm edir, Xudafərin körpüsünü ideallaşdırır…
Real tarixi faktlar-hadisələr və real obrazlar əsasında yazılmış bu romandakı olayların doğruluğu əsəri daha da canlandırır.
Ümumilikdə “Eşqin şəhidi” romanını, gəncilk və gələcək üçün təqdirəlayiq hesab edirəm. İnanıram ki, ən doğru dəyəri və qiyməti də oxucular verəcəkdir.
Maraqlı, anlamlı və dolğunluğuna görə oxucunun həvəslə birnəfəsə oxuyacağına şübhə etmirəm.
Və uğurlu olsun, deyirəm !
Hacı Seyfəddin Qəniyev
Filologiya elmləri doktoru, AYB-nin Şirvan Bölməsinin sədri, AMEA-nın əməkdaşı