Şimali Atlantika Alyansının 2022-ci ildəki fəaliyyətini yekunlaşdıran Yens Stoltenberq Avropa və Kanadada müdafiə xərclərinin artırılmasını alqışlayıb və üzv dövlətləri bu istiqamətdə hərəkətə davam etməyə çağırıb.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada müharibə yaxın gələcəkdə bitsə belə, təhlükəsizlik mühiti uzun müddətə dəyişib. Bu qiymətləndirməni NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı, martın 21-də alyansın Brüsseldəki mənzil-qərargahında NATO-nun 2022-ci ildəki fəaliyyətinin nəticələrini təqdim etdiyi mətbuat konfransında deyib .
Stoltenberqin sözlərinə görə, “əsas odur ki, İsveç və Finlandiya tez bir zamanda NATO-nun tamhüquqlu üzvü olsunlar”. Bu ölkələrin alyansa daxil olması onları daha təhlükəsiz və NATO-nu daha güclü edəcək. Bundan əlavə, bu addım alyansın qapılarının açıq olduğunu göstərir, deyə təşkilatın baş katibi qeyd edib.
Rusiyanın Ukraynaya qarşı müharibəsini şərh edən Stoltenberq qeyd edib ki, bu, Qərb müttəfiqləri üçün “şok oldu, lakin gözlənilməz olmadı”. “Bu [Rusiyanın Ukraynaya hərbi müdaxiləsi] aqressiv hərəkətlər modelinin kulminasiya nöqtəsi idi”, – NATO-nun baş katibi izah edib.
Eyni zamanda, Stoltenberq xatırladıb ki, NATO-nun 2022-ci ilin iyununda Madriddə keçirilən sammitində terror təhlükəsinin davam etməsinə baxmayaraq, Rusiyanı “təhlükəsizliyə ən mühüm təhdid” hesab edən strateji konsepsiya qəbul edilib. O, həmçinin bildirib ki, Çin ittifaqın maraqlarına, təhlükəsizliyinə və dəyərlərinə meydan oxuyur.
Bundan əlavə, Stoltenberq qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda alyansa üzv olan bir çox dövlətlər hərbi xərcləri artırdıqlarını bəyan ediblər. “İndi bu vədlər real pula, müqavilələrə və maddi avadanlıqlara çevrilməlidir. Çünki bizim gördüyümüz hər şeyin mərkəzində müdafiə xərcləri dayanır”, – NATO baş katibi bildirib. Eyni zamanda o, 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək alyansın sammitində üzv dövlətlərdən hərbi büdcələrlə bağlı daha böyük öhdəliklər götürəcəyini gözlədiyini bildirib.
Stoltenberqin sözlərinə görə, 2022-ci il Avropa və Kanadada müdafiə xərclərinin artdığı səkkizinci ildir. Ümumilikdə, 2014-cü ildən bəri onlar 350 milyard dollar artıb..
Fərahim Rəhimov