“Təssüf ki, aqrar innovasiyalar ölkəmizə idxal edilir”-AMİC-in direktoru ilə MÜSAHİBƏbackend

AZƏRBAYCAN MENECMENT VƏ İNVESTİSİYA KORPORASİYASI ŞİRKƏTİ

Şirkət olaraq 2016-cı ildən fəaliyyətə başlayan AMIC qarşısına qoyduğu məqsədlərə çatmaqda əmin addımlar atır. Əsas meyar kənd təsərrüfatına intellektual yanaşmaq, ağıllı əkin texnologiyalarından istifadə edərək daha çox məhsul əldə etmək eləcə də, fermerlərə aqronomlara və sahibkarlara istər təhsil sahəsində, istərsə də əmək fəaliyyəti ilə məşğul olduğu zaman işlərinin asanlaşması üçün xidmətlərini təklif etməkdir. Quba, Qusar, Şabran kimi bölgələrdə həyata keçirdiyi layihələr onların dürüst, səliqəli və peşəkar olduğunu göstərir. İdarə heyəti və bölgələrdə əmək fəaliyyəti ilə məşğul olan digər çalışanlar öz sahəsində mütəxəssis olan, operativ xidmət göstərən kadrlardır. Bu günə qədər bir çox yerli və xarici hökümət və qeyri-hökümət təşkilatları, o cümlədən özəl şirkətlərlə əməkdaşlığı genişləndirmiş, beynəlxalq səviyyədə ölkəmizi və kənd təsərrüfatımızı qürurla təmsil edib.

Agriculture Management and İnvestment Company (AMİC) 2 fevral 2022-ci il tarixindən etibarən Azərbaycan Menecment və İnvestisiya Korporasiyası (AMİK) adıyla fəaliyyət göstərməkdədir.

“Yeni Gundem”-in müsahibi Azərbaycan Menecment və İnvestisiya Korporasiya şirkətinin direktoru Emin Əliyevdir.

Emin müəllim Azərbaycan Menecment və İnvestisiya Korporasiyası yarandığı gündən hansı işləri görüb?

– Şirkətimizin yaranma tarixi 2015-ci ildə baş vermiş iki ardıcıl devalvasiya ilə bağlıdır. Belə ki, Azərbaycan manatının dəyər itirməsinin gedişatında iqtisadiyyat və biznes mühitində köklü dəyişikliklərin əsası qoyuldu, strateji yol xəritələri hazırlandı və iqtisadiyyatın liberallaşması prosesi sürətləndi. Mən o zaman ölkəmizin böyük şirkətlər qruplarından birində rəhbər vəzifədə çalışırdım və kənd təsərrüfatı sahəsi mənim kurasiyamda idi. Bu sahədə müvəffəqiyyətlər əldə etmək üçün İsraildə və Almaniyada aqrar idarəetmə kurslarında təhsil almağa getdim. Çünki heç bir zaman aqrar sahədə çalışmamışdım və mənə bilik əldə etmək çox vacib idi. Həmin vaxt düşünürdüm ki, bu yüksək vəzifədən sonra mənim harasa CV əsasında müraciət etməyim və işə qəbul olunmaq üçün müsahibələrdə iştirak etməyimdənsə mən sahibkar kimi fəaliyyətə başlasam daha uğurlu ola bilər. Bu məqamda mənim yaxın dostlarım da mənə dəstək oldular və motivasiya etdilər. Onu da deyim ki, 2016-cı ildə kənd təsərrüfatı strateji sahə elan edildi və dövlətin bu sahəyə diqqəti artdı. Bölgələrdə istifadəsiz torpaq sahələri dövriyyəyə cəlb edilməyə başladı və biz bunu fürsət bilib şirkətimizi yaradaraq xidmətlərimizi təklif etdik. Quba, Şabran, Abşeron rayonlarında uğurlu layihələrimiz oldu və biz artıq öz ayaqlarımız üzərində dayanmağa başladıq. Bir məsələni də bildirim ki, bizim şirkət “Agriculture Management and İnvestment Company” adı ilə təsis edilmiş və kənd təsərrüfatı layihələri ilə bağlı fəaliyyət göstərirdi. Tədricən işlərimiz çoxaldıqca fəaliyyət sahələrimiz genişləndi və biz aqrar layihələr ilə yanaşı müxtəlif xarakterli layihələr də icra etməyə başladıq. Buna görə 2022-ci ilin 2 fevral tarixində şirkətimizin adı dəyişdirilərək Azərbaycan Menecment və İnvestisiya Korporasiyası oldu.

Fəaliyyətinizdə əsas meyarlarınız nələrdir?

-Mənim əsas öhdəliklərimdən biri korporativ ənənənin yaradılması, uğurlu işlərin varisliyinin təmin edilməsi və keyfiyyətli kadr yetişdirmək olmuşdur. Buna görə də daim gənc və təşəbbüskar kadrların inkişafına və irəliyə çəkilməsinə xüsusi əmək sərf etmişik. Bəzən rəhbər şəxslər məsuliyyət dərəcəsi yüksək olan işləri gənc və ya yeni işə cəlb edilmiş kadrlara etibar etmirlər və “məsuliyyət inhisarçılığı” yaradırlar. Yeni kadrların hazırlanması üçün onlara güvənilməli, qayğı göstərilməli və motivasiya edilməlidir. İstisnasız olaraq işlədiyimiz yerlərdə və şəxsi biznesimizdə gənc əməkdaşlara işləri ötürmüş, hər bir səhvləri və çatışmazlıqlar barədə onlara izahat verərək yenidən işlərin icrasını özlərinə həvalə etmişik. Nəticədə həmin əməkdaşlar yeni bir praktikanın yaradılmasında iştirakçı olmuşlar. Yuxarıda qeyd edilənlərlə yanaşı fəaliyyətimizdə 3 əsas meyara əsaslanırıq: 1) Heç bir biznes layihə təklifinə “yox” demirik; 2) Bütün bizneslərdə öhdəliklərin və gəlirlərin paylaşılmasına hazırıq 3) Ən ağır məsələlərin danışıqlar yolu ilə həll edilməsinin mümkünlüyünə inanırıq.

Kənd Təsərrüfatı sahəsində hansı yenilikləri yaradırırsınız?

Aqrar sahə iqtisadiyyatın ən ağır sahəsi sayılır. Azərbaycan tarixən aqrar ölkə olmuşdur və bu ənənələr tarixin qədim dövrlərinə qədər uzanır. Lakin sovetlər birliyi süqut edəndən sonra ölkəmiz innovasiyalardan geriyə qaldı və yalnız son 8-10 ildə aqrar sahədə baş verən yeniliklər ölkəmizdə tətbiq edilməyə başlamışdır. Təəssüf ki, aqrar innovasiyalar ölkəmizə idxal edilir və hələ ki, biz milli innovativ aqrar məhsul istehsal edə bilməmişik. 5 il öncə alternativ enerji mənbələrindən aqrar sahədə istifadə edilməsi ilə bağlı bir neçə layihələrin üzərində çalışırdıq. Bu ideyalar bizim kəşflərimiz deyildi. Biz bunu beynəlxalq təcrübədən öyrənmişdik və istəyirdik ki, istixanaların, soyuducu anbarların, iri təsərrüfatlarda suvarma sistemlərinin işə salınmasında bu üsullardan istifadə edilsin. Lakin bu layihələr o zaman müəyyən səbəblərə görə təxirə salındı. Bu gün biz artıq aqrar sahədə alternativ enerji mənbələrindən istifadənin geniş vüsət aldığının şahidi oluruq və bu sevindirici haldır.

 

Emin müəllim layihələrin icrasında, işlərin görülməsində aidiyyatı qurumlarla necə işləyirsiniz?

Layihələrimiz xarakter və həcminə görə müxtəlifdir. Ona görə onların idarəetməsi də fərqli yanaşmalar tələb edir. Lakin dəyişməyən bir prinsip vardır ki, bu da sifarişçi orqanın bütün tələb və maraqlarına müvafiq olaraq layihənin təhvil verilməsidir. Bu günədək icra etdiyimiz layihələrlə bağlı sifarişçi təşkilatların böyük əksəriyyətindən müsbət rəylər və tövsiyə məktubları almışıq. Təbii ki, iş gedişatında çatışmazlıqlar da olur və biz bu çatışmazlıqların işlərin ümumi nəticəsinə təsir etməməsi üçün bütün qüvvələrimizi səfərbər edirik.

Sosial layihələriniz olurmu və hansılardır?

Biz sahibkarlıq fəaliyyəti ilə yanaşı sosial layihələrin icrası ilə də məşğul oluruq. Bu istiqamətdə ekoloji balansın qorunması, təbiətə vurulan zərərlərin azaldılması, ekoloji təmiz kənd təsərrüfatının populyarlaşdırılması, yaşıllıq zonalarının yaradılması kimi müxtəlif həcmli layihələr icra etmişik. 2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra isə Zəngilanda yaşıllıq massivlərinin, bağların salınması layihələri intensiv olaraq davam etmişdir. 2022-ci ilin 8 noyabrında Zəfər Günü 20 zəngilanlı alimin Zəngilana səfərini təşkil etdik. Bu səfər çərçivəsində Ağalı kənd məktəbinin həyətində şagirdlərlə birlikdə “Məktəbli bağı” saldıq. Təxminən 80 şagird 150 meyvə ağacı əkdilər və bu bağa qulluq etməkdədirlər. Bu il daha irihəcmli yaşıllıq layihəsinin icrasına başlayacağıq. Belə ki, Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində məhv edilmiş endemik bitkilərin bərpasını təmin etmək məqsədilə əldə etdiyimiz bitki sortlarından ibarət yaşıllıq massivi salınacaqdır. Bu massivdə əsasən meyvə ağaclarının olması planlaşdırılır.

Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

Konsaltinq, təlim və məsləhət xidmətləri, tədbir təşkilatçılığı, müvafiq sorğuların təhlil edilərək hesabatların hazırlanması sahəsində ixtisaslaşaraq qısa müddət ərzində Azərbaycanda aktiv şirkətlərdən biri olmağı bacarmışıq. Yaxın 3 ildə biz öz xidmətlərimizi Mərkəzi Asiya dövlətlərinə təqdim etməyi planlaşdırırıq. Bu məqsədlə bizim bu bölgəyə səfərlərimiz olmuşdur. Əməkdaşlarımız bölgədəki dövlətlərin müvafiq sahədə bazar araşdırmalarını da artıq yekunlaşdırmışdırlar. Uzun vədəli məqsədimiz isə şirkətimizin “Böyük Onluq”(Big ten) sayılan audit və konsaltinq şirkətlərinin siyahısına daxil olmaqdır. Varislərimizə vəsiyyətimiz isə şirkətimizi “Böyük dördlük”(Big four) siyahısına daxil olmasını təmin etməkdir.

Fərahim Rəhimov