“Ticarət əlaqələrimiz zədələnəcək”backend

Çin Qırmızı dənizdə husilərin hücumlarını dayandırmaq istədiyini İrana hədələyici sözlərlə çatdırıb. İranın dəstəklədiyi Husilərin Qırmızı dənizdə hücumları davam etdirir. Buna görə 4 İranlı mənbə və diplomat Britaniyanın Reuters xəbər agentliyinə bildirib ki, Çin İrana iki ölkə arasında münasibətlərin təhlükə altında ola biləcəyi barədə xəbərdarlıq edib.

İran rəsmisi deyib: “Çin sadəcə olaraq deyir: Əgər bizim maraqlarımıza hər hansı şəkildə zərər vurularsa, bu, Tehranla ticarətə də təsir edəcək. Ona görə də husilərdən təmkin göstərmələrini xahiş etməlisiz”.

İran mənbələri Çin rəsmilərinin iki ölkə arasındakı ticarət əlaqələrinə necə təsir edəcəyi ilə bağlı şərh verməkdən çəkiniblər. Mənbələrdən biri Çinin İran üçün əhəmiyyətini xatırladıb, lakin Qəzza, Livan, Suriya və İraqdakı proxy qüvvələrin və regional müttəfiqlərin qərar vermə mexanizmlərində daha təsirli olduğunu vurğulayıb.

Mənbələr İranın Çinlə görüşündən sonra bir addım atıb-atmayacağına dair qeyri-müəyyənliyin olduğunu bildirib.Çin Xarici İşlər Nazirliyi mövzu ilə bağlı açıqlamasında aşağıdakı açıqlamaları verib: “Çin Yaxın Şərq ölkələrinin səmimi dostudur. Biz regional təhlükəsizliyin və sabitliyin təmin edilməsinə, ümumi inkişaf və rifah axtarışına sadiq qalırıq”.

Yəməndəki husilərin lideri Əbdülməlik əl-Husi 14 noyabr 2023-cü il tarixində televiziya çıxışında İsrailin blokadada olan Qəzza zolağına hücumlarına cavab olaraq Qırmızı dənizdəki İsrail gəmilərini hədəfə ala biləcəkləri ilə hədələyib.

Husilərin hərbi sözçüsü Yəhya Seri noyabrın 19-da X hesabında verdiyi açıqlamada İsrail bayraqlı istənilən gəmini hədəf alacaqlarını açıqlayıb. Daha sonra husilər Bab əl-Məndəb boğazında İsrailin “Unity Explorer” və “Number Nine” adlı iki gəmisinə İHA və raket zərbələri endirib. İsrailin ZIM gəmiçilik şirkəti də noyabrın 29-da Oman dənizi və Qırmızı dənizdəki təhlükəsizlik vəziyyətini əsas gətirərək gəmilərinin Misirdəki Süveyş kanalından istifadə etməyəcəyini açıqlamışdı.

Husilərin son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ Müdafiə Nazirliyi dekabrın 6-da Yəməndəki husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı hücumlarına qarşı beynəlxalq “Dəniz İşçi Qrupu” yaratmaq üçün danışıqlar apardıqlarını, dekabrın 18-də isə çoxmillətli bir qrup yaratdıqlarını açıqlamışdı.

Mənbə: TGRT

Aynur Camal