TikTok-da bütün əxlaqsızlıqlar nəzarətə alınacaqbackend

World News Aİ-dən TikTok-a rəsmi araşdırma! Bütün əxlaqsızlıqlar diqqət mərkəzində olacaq.

Avropa İttifaqı (Aİ) Komissiyası TikTok sosial media platformasının Rəqəmsal Xidmətlər Qanununun (DSA) qaydalarını pozub-pozmadığını müəyyən etmək üçün rəsmi araşdırmaya başlayıb.

Son zamanlar istər fenomenlər, istərsə də naməlum istifadəçilər tərəfindən sosial media vasitəsilə törədilən əxlaqsız hərəkətlər gündəmi zəbt etməkdədir.

Rəsmi araşdırma TikTok-un 2023-cü ilin sentyabrında Komissiyaya təqdim etdiyi hesabata və məlumat sorğularına verilən cavablardan sonra aparılan ilkin araşdırmadan sonra başlayıb.

Aİ Komissiyasının verdiyi açıqlamaya görə, TikTok-un “uşaqların müdafiəsi, şəffaf reklam, tədqiqatçılar üçün məlumatların əldə edilməsi və platformanın asılılıq yaradan dizaynı və zərərli məzmun riskləri” ilə bağlı DSA qaydalarını pozub-pozmadığı qiymətləndiriləcək.

Açıqlamada, həyata keçirilən digər tədbirlərin, xüsusən də TikTok-un yetkinlik yaşına çatmayanların uyğun olmayan məzmuna daxil olmasının qarşısını almaq üçün istifadə etdiyi yaş yoxlama sisteminin “kafi, uyğun və təsirli olmadığı” şübhəsinin olduğu vurğulanıb.

Bundan əlavə, platformanın, o cümlədən alqoritmlərin asılılıq yaradan dizaynının uşaq hüquqlarının qorunmasına, insanın fiziki və psixi sağlamlığına mənfi təsirləri və radikallaşmaya təsiri araşdırılacaq.

İstintaq həmçinin platformanın yetkinlik yaşına çatmayanların məxfiliyini və təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün adekvat və mütənasib tədbirlər görüb-görmədiyini araşdıracaq.

Bunlardan başqa, araşdırmanın digər məqamlarına sosial media platformasındakı reklamların DSA-ya uyğunluğu və tədqiqatçılara platformanın ictimai məlumatlarına çıxışın təmin edilməsində “şübhəli çatışmazlıqlar” daxildir.

2023-cü ilin avqustunda qüvvəyə minən Aİ qanunu əsas rəqəmsal platformalar üçün ciddi qaydalar təqdim etmişdi. Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər. Təkrar pozuntular halında, bu rəqəmsal platformaların Aİ-də fəaliyyətinə xitam verilə bilər.

Mənbə: Ahaber

Aynur Camal