Titanikdən 5 dəfə böyük gəmi ilk səyahətinə başladıbackend

Dünyanın ən böyük kruiz gəmisi Royal Caribbean İnternational gəmiçilik şirkətinə məxsus “İcon of the Seas”- “Dənizlərin İkonası” gəmisi təxminən 8 min sərnişinlə ABŞ-ın Mayami şəhərindən Karib dənizinə yola düşüb.

250 min ton ağırlığında olan nəhəng gəmi əfsanəvi Titanik gəmisindən 5 dəfə böyükdür. 365 metrlik “Dənizlərin İkonası” 1,5 milyard funta başa gəlib.

Şirkətin rəsmi saytındakı qiymətlərə görə, nəhəng gəminin ilk səyahəti olan 7 gecəlik Qərbi Karib turu 3 min 100 dollar, 7 gecəlik Şərqi Karib turu isə 2 min dollara başa gəlir. Digər tərəfdən nəhəng gəminin 6 mühərrikinin mayeləşdirilmiş təbii qazla (LNG) işləmək üçün nəzərdə tutulması ekoloqların reaksiyasını çəkir. Şirkət LNG-nin dizel yanacağından daha ekoloji cəhətdən təmiz olduğunu iddia etsə də, LNG-dən istifadə nəticəsində yaranan metan emissiyalarının qlobal istiləşməyə karbon qazından daha çox təsir etdiyi bildirilir.

365 metrlik gəmidə dünyanın ən böyük akvaparkı, həmçinin 40 bar-restoran, 15 metrlik şəlalə, mini qolf meydançası və buz meydançası var. 20 göyərtəli gəmi 7600 sərnişin və 2350 ekipajı daşıya bilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal