Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Türkiyə ilə tərəfdaşlıq ən yüksək səviyyədədir və müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslanır.”Hər iki tərəf mehriban qonşuluq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan əlaqələri daha da inkişaf etdirmək əzmindədir”, – deyə Putin bildirib.
“Yeni Gundem” xəbər verir ki, Putin Kreml sarayında Rusiyada vəzifəsinin icrasına başlayan 21 ölkənin səfirlərini, o cümlədən Türkiyənin Moskva səfiri Tanju Bilgiçi, etimadnamələrini qəbul edib və diplomatları təbrik edib.
Türkiyə ilə Rusiya arasındakı münasibətləri dəyərləndirən Putin, “Türkiyə ilə tərəfdaşlıq ən yüksək səviyyədədir və uzun illər ərzində müxtəlif sahələrdə qazanılan təcrübəyə əsaslanır”- deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanla daim təmasda olduğunu qeyd edən Putin, bu təmaslar zamanı ikitərəfli münasibətlərlə bağlı bütün vacib məsələlərin müzakirə edildiyini bildirib.
“Xüsusən qeyd etmək istərdim ki, Rusiya-Türkiyə əməkdaşlığı həqiqətən də enerji sahəsində strateji xarakter daşıyır. “Rosatom” (Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası) Türkiyədə ilk nüvə Akkuyu elektrik stansiyasının tikintisini davam etdirir. “Mavi Axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində sektorda təbii qaz sahəsində sıx əməkdaşlıq qurulub. Ticarət və yüksək texnologiya sahələrində də bir çox maraqlı layihələrimiz və ortaq işlərimiz var”.
Sabah Rusiyada Könüllülər Gününün qeyd olunacağını və 95 ölkədən könüllü komandaların qatıldığı yarışma təşkil edildiyini qeyd edən Putin, “Aztəminatlı ailələrə dəstək yarışında Türkiyədən gələn könüllülər komandası qalib oldu” deyib.
Mənbə: Ntv.Tr
Aynur Camal